“Beynəlxalq birlik mina terroruna qarşı mübarizədə Azərbaycana dəstək verməlidir”

 13:10 23.11.2023     342

“Mina təhdidi vətəndaşlarımızın həyatı üçün əsas təhlükə mənbəyi olaraq qalır”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan mina terroruna qarşı mübarizədə böyük uğurlar əldə etsə də, dövlətimizin bu məsələdə beynəlxalq birliyin dəstəyinə ehtiyacı var:

“Azərbaycan Birinci Qarabağ müharibəsi dönəmindən etibarən Ermənistanın mina terroruna qarşı akriv mübarizə ortaya qoyub. Vətən müharibəsi və ondan sonra işğaldan azad edilən ərazilərdə həyata keçirilən təhlükəsizlik tədbirləri mina təhlükəsinin nə qədər böyük və irimiqyaslı olduğunu göstərdi. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən piyada əleyhinə 10 mindən çox mina aşkar edilərək zərərsizləşdirilib. Neytrallaşdırılan tank əleyhinə minaların sayı isə 3000-dir. Hansı ki, hər gün işğaldan azad edilən ərazilərdə yeni minalar aşçkar edilərək zərərsizləşdirilməkdədir.

Şübhəsiz, bütün bu rəqəmlər Azərbaycanın mina terroruna qarşı uğurla mübarizə apardığını göstərir. Lakin Ermənistanın vaxtiylə torpaqlarımızda yüz minlərlə mina basdırdığını nəzərə alsaq, bu məsələdə beynəlxalq birliyin, müvafiq beynəlxalq təşkilatların və aparıcı dövlətlərin ölkəmizə ciddi dəstəyinin zəruri olduğu şübhəsizdir”.

Ekspert qeyd edib ki, Ermənistan Azərbaycana qarşı mina terrorunu 10 noyabr 2020-ci ilin üçtərəfli Bəyanatından sonra da aktiv şəkildə davam etdirib:

“Ermənistan həm Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində, həm də Vətən müharibəsindən sonrakı dönəmdə lkəmizə qarşı mina terrorunu aktiv şəkildə davam etdirib, torpaqlarımızda çoxu sayda minalar basdırıb. 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirləri nəticəsində nəzarətə götürülmüş ərazilərdə daha 500 mindən artıq mina və partlamamış sursatının olduğu üzə çxdı ki, bu da Ermənistanın 10 noyabr Bəyanatının şərtlərini kobud şəkildə pozduğunu göstərir.

Hesab edirəm ki, bu gün Ermənistana bu və ya digər dərəcədə dəstək verən dövlətlər – xüsusilə də Fransa, Hindistan, ABŞ bütün bunları görməli, mina terroru aparan dövlətə dəstək verməkdən imtina etməlidirlər. Mina terroru həyata keçirən və bununla da yüzlərlə insanın ölümünə səbəb olan Ermənistana dəstək, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə yanaşı, icdan və ədalət anlayışına da ziddir”.

Həmidə İBRAHİMLİ