"Azərbaycan hətta Amerikaya hərbi təyinatlı məhsul satır" - AÇIQLAMA
"Azərbaycanın müdafiə sənayesi 2005-ci ildən başlayaraq öz inkişaf dövrünə start verdi, yenilənmə dövrünə başladı. Bu, Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə daha da stimullaşdırıldı. Ölkədə olan hərbi təyinatlı istehsal müəssisələri bir-birinin ardınca yenilənməyə başladı".
Bunu Azərbaycanın hərbi potensialı haqqında Redaktor.az-a danışan hərbi eskpert Ramil Məmmədli söylədi.
Ekspert dedi ki, bu yenilənmələrlə çatışmazlıqlar aradan qaldırıldı:
"İlkin qarşıya qoyulan tapşırıq Azərbaycan Silahlı Qüvvələrinin tələbatı ilə bağlı idi. Bu tələbat bütün növ mərmilərin ehtiyacının və həmçinin atıcı silahlara olan ehtiyacın həlli ilə bağlıdır. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin balansında olan müəssisələrdə bu ehtiyacın həlli ilə bağlı fundamental işlər görüldü. Bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalat birliklərində, əsas tələb olunan mərmilər istehsal olunur. Həmçinin top mərmiləri, artilleriya mərmiləri üçün mərmilərin istehsalı həyata keçirilir. Bundan başqa, zirehli texnikaların yaradılması, onların əsaslı təmiri, modernləşməsi işləri də reallaşdırılır. Azərbaycan müdafiə sənayesi sektoru dünyada inkişaf etməkdə olan ölkələr sırasındadır. Həmçinin perspektivi olan ölkələr sırasındadır. 2022-ci ilin fevral ayından Ukraynada başlayan müharibə Azərbaycan müdafiə sənayesinin məhsullarına dünyada tələbatı artırıb və bu tələbat getdikcə daha da artacaq. Təbii ki, bizim müdafiə sənayesinin məhsullarına tələbat istehsal potensialımızla bağlıdır. Yeni məhsulların yaradılması prosesi bir qədər fərqlidir. Strateji məhsulların xammallarının əldə olunması, onların Azərbaycana gətirilməsi prosesi, silahın istehsalı və onun yaradılması qədər çətindir".
R. Məmmədli hesab edir ki, Azərbaycan müdafiə sənayesi sektorunun daha da inkişaf etdirilməsi üçün xammal sahəsinin yerli stimullaşdırılmasına böyük ehtiyac var:
"Çox az sayda ölkələr var ki, onlar fərdi olaraq, sıfırdan başlayaraq sona qədər öz strateji məhsullarını istehsal edə bilir. Məsələn, raket kompleksləri, döyüş təyyarələri, pilotsuz uçuş aparatları və s. kimi məhsulların istehsalı. Azərbaycan kimi ölkələr, ümumiyyətlə, digər ölkələr bu sahədə ittifaq formatında işləri reallaşdıra bilirlər.
Xaricdə Azərbaycan məhsullarına tələbat var. Azərbaycan hətta Amerikaya da hərbi təyinatlı məhsul satır, bu proses getdikcə böyüyəcək, genişlənəcək. Azərbaycan ixrac potensialını artıracaq və Azərbaycan Prezidenti də bununla bağlı konkret qərar və tapşırıqlarını verib. Gələn il "ADEX " adlı müdafiə sənayesi sərgisi keçiriləcək. Orada ixtisaslaşmış müdafiə sənayesi məhsullarının təqdimatı baxımından olduqca əhəmiyyətli sərgilərdən biri olacaq".
Humay İSGƏNDƏRLİ