"Fransanın "Sezar" özüyeriyən artilleriya qurğusu "Bastion"dan daha ciddi silahdır" - Üzeyir Cəfərov

 17:41 04.12.2023     442

Xəbər verdiyimiz kimi, Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib.

Siyahıya hazırda istehsalda olan eynitipli daha 26 hərbi maşın əlavə ediləcək.

Qeyd olunur ki, Ermənistan bu yaxınlarda “Thales”dən üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.

Maraqlıdır, Fransa zirehli texnikaları bu dəfə hansı yolla Ermənistana çatdırmağı planlaşdırır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, artilleriya qurğusunun haradan keçirildiyi dəqiq göstərilmir, amma istənilən halda bu bizim üçün xoş olmayan bir xəbərdir.

Onun sözlərinə görə, Fransanın "Sezar" özüyeriyən artilleriya qurğusu, bundan əvvəl Ermənistana verilən "Bastion" zirehli avtomobillərdən daha ciddi silahdır:

"Bu, o deməkdir ki, qarşıdakı dönəmlərdə bizim üçün müəyyən problemlər ola bilər. O mənada problem ola bilər ki, Ermənistanın revanşist qüvvələri həmin o özüyeriyən artilleriya qurğularını Azərbaycanla şərti sərhəddə yerləşdirə bilərlər. Mövqelərimiz atəşə tutula bilər. Nəzərə alsaq ki, “Sezar” özüyeriyən artilleriya qurğusu müasir silah sistemlərindən biridir, bu, bizim üçün əlavə çətinlik, əlavə problem deməkdir. Bu dəfə Gürcüstan ərazisindən və yaxud da ki, bir başqa ərazidən keçməsi ona görə göstərilməyib ki, bizi bir qonşu dövlət kimi narazı salmasınlar. Mən belə başa düşdüm. Ona görə hesab edirəm ki, bu silahlarla bağlı Azərbaycan Fransa tərəfinə əvvəlki illərdə olduğu kimi öz etirazını bildirməlidir. Bu silahları Ermənistana verməklə onlar regionda vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Yəni yeganə narahatedici məqam budur. Ukrayna silahlı qüvvələri “Sezar” özüyeriyən silahlardan aktiv şəkildə istifadə edirdilər. Çünki müasir hərbi əməliyyatlar müasir silahlar tələb edir. Ona görə də həmin özüyeriyən artilleriya qurğuları qısaca onu deyim ki, Ukraynada özünü doğruldan qurğular idi. Bir neçə saniyə ərzində atəş açmaq gücündədir. Ona görə bu, sabah sərhəddə yerləşən insanlarımız üçün əlavə çətinliklər yarada bilər.  O cümlədən həmin silah-sursatlar müasir tələblərə cavab verən sursatlardır və ciddi silahdır. Yəni biz buna elə belə adi silah kimi baxmamalıyıq".

Həmidə İBRAHİMLİ