"Özünü ekspert kimi təqdim edən şəxslər yanlış məlumat verirlər" - Polkovnikdən AÇIQLAMA
Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı tərəfindən dekabrın 7-də verilən birgə açıqlamaya əsasən Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.
Bir neçə gündür ki, əsirlərimzin niyə hələ də dəyişdirilməməsi müzakirə olunur. Onların ailələri, bütün xalq onların yolunu gözləyir. Ancaq prosesin niyə gecikməsi məlum deyil.
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, istənilən halda artıq razılıq əldə olunub, bir qədər səbr nümayiş etdirmək lazımdır:
"Mən hesab edirəm ki, bu həftə məsələ yekunlaşacaq. Özünü ekspert kimi təqdim edən şəxslər bir qədər yanlış məlumat verirlər. Valideynlər övladlarını belə tezliklə görməyəcəklər. Onlar əsirlikdən qaytarılandan sonra bir müddət xüsusi xidmət orqanları onlarla müəyyən prosedur işlər aparacaqlar. Daha sonra isə onlar hərbi hissələrinə qaytarılacaqlar, hərbi xidmətini bitirmiş şəxslər deyil. Gəlin, valideynlərin ümidlərini qırmayaq. Mən yoruldum bu fikri təkrarlamaqdan ki, əsgərlərimiz, nə Aqşin Bəbirov, nə də Hüseyn Axundov yaxın günlərdə ailələrinə verilməyəcək. Müəyyən ifadələr alınacaq, müəyyən məlumatlar dəqiqləşdiriləcək, ondan sonra hərbi hissəyə gələndə ailələri ilə görüşməsi mümkün olacaq. Əgər məzuniyyətləri olmayıbsa, komandirlər tərəfindən məzuniyyət vermək böyük bir problem olmaz".
Ekspert vurğuladı ki, ya bu gün, ya sabah Qazaxda 2 hərbçimiz Azərbaycan tərəfinə veriləcək:
"Mənə elə gəlir ki, proseslə bağlı bu gün - sabah məlumat eşitməliyik. Bəzi texniki məsələlər həll olunurdu. Ermənilərin 32 hərbi qulluqçusu vardı, Azərbaycan operativ qaydada onların qarşı tərəfə verilməsini həll etsə də, Ermənistan tərəfi hansısa məqsədlər güddüyünə görə və ya nədənsə razı, narazı olduğuna görə prosesi uzatdılar. Mən sadəcə sizin vasitənizlə valideynlərə müraciət edirəm ki, əmin olsunlar ki, övladları qaytarılacaq, amma belə tezliklə, Azərbaycan qanunvericiliyin tələblərinə əsasən ailələrinə verilməyəcəklər".
Ü.Cəfərov onu da qeyd etdi ki, Azərbaycanın Ermənistanda başqa hərbçisi yoxdur:
"Birinci Qarabağ savaşında və sonrakı dönəmdə əsir götürülən əsgərlərimizlə bağlı məsələ artıq çoxdan həllini tapıb. Yəni onlarla bağlı hər hansı bir mübahisə mövzusu yoxdur və bizim orda olan iki əsgərimiz var. Hüseyn Axundov üzərində aparılan məhkəmə, onun ömürlük həbsdə saxlanması o məqsədi güdürdü ki, Ermənistan bilirdi ki, yaxın günlərdə belə bir məsələ gündəmə gələcək və daha çox erməni hərbçisini Azərbaycandan geri qaytarmaq üçün Hüseynin üzərində belə bir qondarma məhkəmə həyata keçirdilər".
Humay İSGƏNDƏRLİ