"Onu yayaraq düşmənin dəyirmanına su tökürlər" - Polkovnikdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymaya görə cinayət məsuliyyəti müəyyənləşir.
Hazırda Milli Məclisdə müzakirə olunan qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə ağır nəticələrə səbəb olduqda 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.
Məsələ ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söylədi ki, Azərbaycan ordusunun istifadəsində olan texnikalar haqqında məlumat öyrənmək üşün düşmən qüvvələr uzun müddət vaxt sərf edirlər, maliyyə sərf edirlər:
"Öyrənmək istəyirlər ki, hansı müasir silahlardır, hansı köhnə silahlardır, hansı bugünkü müharibə dövründə necə effektlidir və s. O cümlədən ordu barədə şəxsiyyətin say tərkibini, orduda idarəetmə sistemini, strukturu, taktiki imkanlarını və gizli məlumatları istifadə etməyə çalışırlar. Bəzən də bizim jurnalistlər, yaxud mülki insanlar bunu bilməyərəkdən, bəziləri də bilərəkdən Azərbaycanın ordusu hansı texniki imkanlara malikdirsə, onu yayaraq düşmənin dəyirmanına su tökürlər, onlara kömək edirlər ki, onlar Azərbaycan ordusu barədə geniş məlumata malik olsunlar. Orduda həm xidmət istiqamətləri, həm müxtəlif məsələlər, həm də taktiki planlar hamısı məxfidir. Onları yaymağa cəhd göstərənlər məsuliyyətə cəlb olunmalıdırlar. Belə bir qaydanın tətbiq olunması, yəqin ki, bu məsələlərin qarşısını ala bilər".
Humay İSGƏNDƏRLİ