Əsgərlərimizin "TikTok" videoları etiraz doğurdu - Polkovnik: "Heç kim onlara ixtiyar vermir ki..."

 12:29 19.12.2023     837

Bir neçə gün əvvəl Ermənistan əsirliyindən xilas edilərək Azərbaycana gətirilən əsgərlərimiz - Aqşin Bəbirov və Hüseyn Axundovun sosial şəbəkələrdəki çıxışları birmənalı qarşılanmır.

Belə ki, onlar "TikTok" platformasında fəqrli şəxslərlə canlı yayım açaraq əsirlikdə olduğu vaxtlar haqqında müəyyən fikir səsləndirirlər, müzakirələr edirlər. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov dedi ki, onlar xidmətini başa çatdırmayıblar:

"Onlarla bağlı hələ məsələ açıqdır. Hələ heç vaxt belə şey olmamışdı ki, əsirlikdən qayıdan əsgər dərhal valideynlərinə təslim edilsin. Sadəcə olaraq, onlara bir az jest edildi ki, onlar Ermənistanda müəyyən təhqirlərə məruz qalmışdılar və s. Azərbaycan dövləti bu cür humanist addımı atdı. Mən də eşidirəm ki, valideynləri də, sonra uşaqların özləri də bəzi hərəkətlər edirlər. Bu, sonra uşaqlar üçün çox belə xoşagəlməz vəziyyətlə başa çata bilər. Mən hər şeyi başa düşürəm, yəni onlar əziyyət çəkiblər və sair. Amma heç kim onlara ixtiyar vermir ki, onlar sosial şəbəkə üzərindən müəyyən hərəkətlər etsin. Ona görə də həm uşaqlar özləri, həm də valideynləri diqqətli olmalıdırlar. Hər ikisi xidmət müddəti başa çatmamış hərbi qulluqçulardır. Əgər onları ordudan tərxis ediblərsə, Müdafiə Nazirliyi desin ki, onlar ordudan tərxis olunub. Amma bildiyim qədər onlar ordudan hələ tərxis olunmayıblar. Onların hələ xidməti tam başa çatmayıb. Ona görə də hərbi qulluqçu kimi onlar ehtiyatlı və diqqətli olmalıdırlar. Yox, əgər onların əsirlikdə olduğu müddətdə əgər onlar üçün hərbi xidmət kimi sayılıbsa, mən heç nə deyə bilmərəm. Bu, artıq komandanlığın qərarıdır. Bu məsələ ilə bağlı Müdafiə Nazirliyi qısa bir açıqlama versə, daha doğru olar".

Humay İSGƏNDƏRLİ