"Ermənistana xəbərdarlıq olunub ki, əgər onlar yenə itkilər istəmirlərsə..." - Polkovnik anklavlardan DANIŞDI

 17:16 29.12.2023     828

Xəbər verdiyimiz kimi, ötən gün Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov delimitasiya komissiyasının iclası zamanı 8 kəndin məsələsinə baxılacağını söyləyib.

"Onlardan 4-ü anklav kəndlərdir, 4-ü isə bizim digər kəndlərə bitişikdir. Bununla belə, Ermənistanın da öz iddiaları və sərhədlərlə bağlı baxışları var. Biz isə konkret olaraq yaşayış məskənlərindən danışırıq. Onların kimə məxsusluğu heç zaman mübahisə mövzusu olmayıb, orada minlərlə insan yaşayıb",- deyə nazir bildirib.

Qeyd edək ki, ötən bir il ərzində həmin 8 kənd barədə müxtəlif müzakirələr aparılıb, ancaq heç bir həll yolu, konkret fikir yoxdur.

Bəs son nəticə olaraq konket hansı addımlar atılmalıdır? Əgər Ermənistan anklavları geri qaytarmaq istəməzsə, o zaman hərbi əməliyyatlar keçirilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov dedi ki, 2024-cü ildə Ermənistan həmin kəndləri Azərbaycana qaytarmasa, Azərbaycan sözsüz ki, bütün variantlardan, o cümlədən güc amilindən istifadə edəcək:

"O ərazilər bizimdir, Ermənistan həmin əraziləri Azərbaycanın tərkib hissəsi kimi tanıyır və Ermənistan o kəndləri Azərbaycana qaytarmağa borcludur. Ermənistan əgər bu məsələdə bir balaca düz yoldan əyri yola  baş vursa, yəni bu məsələni uzatmağa çalışsa, Azərbaycan sözsüz ki, qısa bir zamanda həmin məsələnin həll olunması üçün lazım olan addımı atacaq. O ki qaldı bunun çətin və ya asan olması məsələsinə, ora bizim ərazilərdir və bizim xüsusi təyinatlılar üçün hər hansı bir problem yoxdur. Yəni orada  Azərbaycanın suverenliyini və yaxud da ki, ərazi bütövlüyünü qısa bir müddətdə bərpa etmək mümkündür. Çünki xüsusi təyinatlılar təlimlər zamanı o məsələləri nəzəri baxımdan dəfələrlə işləyiblər ki, əgər belə bir göstəriş olacaqsa, əgər ölkə başçısı, Ali Baş Komandan belə bir tapşırıq verəcəksə, sözsüz ki, ordu onu icra etməlidir. Ordu da bunu necə icra edəcək, hansı variantlarla, hansı güclə, hansı belə imkanlar çərçivəsində, onların hamısını nəzərə alır. O nöqteyi nəzərdən düşünürəm ki, həmin ərazilərin Azərbaycanın yuridiksiyasına qayıtmasında hər hansı bir problem olmayacaq. Həm Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu, həm də Müdafiə Nazirliyinin qərb istiqamətində yerləşən hərbi birləşmələri o tapşırığı yerinə yetirmək gücündə və iqtidarındadır. Ermənistana xəbərdarlıq olunub ki, əgər onlar yenə itkilər istəmirlərsə, bu məsələni tez bir zamanda həll etməlidirlər".

Humay İSGƏNDƏRLİ