Hərbçilərin səsvermədə iştirakı üçün zəruri tədbirlər görülür - RƏSMİ
Azərbaycan Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində 7 fevral prezident seçkilərinin səsverməsində iştirak edə biləcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, seçkilərin Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsi, eləcə də şəffaflığın təmin edilməsi üçün hərbi hissə və müəssisələrin ərazilərində fəaliyyət göstərəcək məntəqələrdə zəruri tədbirlər görülür. Eyni zamanda, Azərbaycan Ordusunda xidmət edən bir qrup hərbi qulluqçu prezident seçkiləri səsverməsində ilk dəfə iştirak edəcək. Müdafiə Nazirliyi ilk dəfə səs verəcək hərbi qulluqçuları nəzərə alaraq Seçki Məcəlləsi ilə tanışlıq və digər maarifləndirici məlumatların çatdırılmasını da həyata keçirir.
“Ölkə üzrə bütün seçki məntəqələrində olduğu kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin seçki prosesində hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün hərtərəfli şərait və əlverişli mühit yaradılacaq”, -deyə Müdafiə Nazirliyinin açıqladığı məlumatda qeyd olunur.
Nazirlikdən bildiriblər ki, çətin relyefli dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrdə olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunacaq.