"Gənclərimiz cəsarət və qəhrəmanlıqları ilə yeni tarix yazacaqlar” - Polkovnik

 15:35 29.01.2024     347

“Azərbaycan gəncliyi qürurumuz və gələcəyimizdir”.

Redaktor.az xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi Azərbaycan gəncliyinin mövcud durumu ilə bağlı əsl mənzərəni üzə çıxardı: “2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bizim üçün sevindiricidir ki, müasir Azərbaycan gəncləri öz vətənlərinə, bayraqlarına, milli-mənəvi dəyərlərinə dərin sevgi və bağlılıq hiss edir, dövlətimizin inkişafında yaxından iştirak edirlər. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı, ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət proqramları, məqsədyönlü siyasət gənclərimizi dövlətimizin inkişafının avanqard qüvvəsinə çevirib.

Gənclər və İdman Nazirliyinin gənclərlə bağlı həyata keçirdiyi layihələr, onlara göstərdiyi qayğı da sevindiricidir və təqdir edilməlidir.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin gücünü, Vətən sevgisini, cəsarət və mübarizə ruhunu dünyaya göstərdi. Müharibə sübut etdi ki, gənclərimiz dövlətimiz, xalqımız üçün təhdid təşkil edən istənilən təhlükəni aradan qaldırmağa, öz qətiyyətləri, rəşadətləri, cəsarətləri ilə Vətənimizin düşmənlərini darmadağın etməyə, öz adlarını tarixə qızıl hərflərlə yazmağa qadirdir”.

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının gənclərlə sıx əməkdaşlıq etdiyini, öz sıralarını gənc veteranlar hesabına sürətlə genişləndirdiyini vurğulayıb: “Təşkilatımız ilk gündən gənclərlə əməkdaşlığa mühüm önəm verib, onlarla mütəmadi şəkildə görüşlər keçirib. Bu baxımdan “Nəsillərin görüşü” silsiləsindən hər il çoxlu sayda görüş təşkil olunur ki, bu görüşlərdə gənclər və veteranlar bir yerə toplanır, qarşılıqlı fikir mübadiləsi aparırlar. Belə görüşlər gənclərimizin veteranlarımızın həyat və mübarizə yolunu daha yaxından öyrənməyə, öz dünyagörüşlərini zənginləşdirməyə kömək edir.

Respublika Veteranları Təşkilatı öz sıralarını həm də gənc veteranlar hesabına sürətlə genişləndirməkdədir.

Bu gün Silahlı Qüvvələrimizin tərkibində on minlərlə gənc yer alır. Onlar sərhədlərimizin keşiyində ayıq-sayıq dayanmaqda, Vətənə sədaqətlə xidmət etməkdədirlər.

İnanıram ki, gənclərimiz bundan sonra da xalqımızın və dövlətimizin etimadını layiqincə doğruladacaq, bilik və bacarıqları, cəsarət və qəhrəmanlıqları ilə yeni tarix yazacaqlar”.