İlham Əliyevin general-mayor rütbəsi verdiyi şəxslər - DOSYE

 16:28 29.01.2024     419

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Redaktor.az modern.az-a istinadən ali xüsusi rütbə verilən şəxslər barədə məlumatı təqdim edir.

Şirinov Natiq Telman oğlu - Dövlət Gömrük Komitəsi sədrinin müavini

10 avqust 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə N.A.Voznesenki adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olub, 1993-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1999-2001-ci illərdə  Dövlət Əmlakı Nazirliyində, 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə, 2011-2020-ci illərdə Vergilər Nazirliyində baş idarə rəisi, 2020-2022-ci illərdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 9 fevral 2015-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə”medalı, 11 fevral 2020-ci il tarixdə “Tərəqqi” medalı  ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 3 (üç) övladı var.

 

Əliyev Vüqar İsmayıl oğlu  - Naxçıvan Baş Gömrük İdarəsinin rəisi

Vüqar Əliyev 24 noyabr 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2000-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini idarəetmə istiqaməti üzrə fərqlənmə diplomları ilə bitirib.

Əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlamış, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirib. 2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləyib. 

2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışıb. Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, ötən il Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Komitə sədrinin müvafıq əmrlərinə əsasən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" və "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib.

Cahangirov Anar Niyaz oğlu - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Anar Cahangirov Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sədrinin birinci müavini vəzifəsində çalışıb. Ötən il sözügedən idarəyə sədr təyin edilib.

O, Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə, vəzifələrini ləyaqətlə yerinə yetirdiyinə və gömrük orqanlarında səmərəli fəaliyyət göstərdiyinə görə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru

Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. Şərur rayonundan olan Aşurlu 2022-ci ildə "Azərterminalkompleks”ə gətirilib.