Milli Məclis hərbçilərlə bağlı qanuna dəyişiklik etdi

 12:29 01.02.2024     771

Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı sadələşdirilmiş qaydada müəyyənləşdiriləcək.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi dəyişiklik layihəsində müvafiq icra hakimiyyəti orqanının ehtiyatında olan və toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının Prezidentlə razılaşdırmaqla həmin orqan tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı digər orqan (orqanlar) tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı ilə müqayisədə dəfələrlə azdır. Bu səbəbdən həmin sayın daha sadələşdirilmiş qaydada müəyyən edilməsi qanunvericilik təşəbbüsü hüququnun subyekti tərəfindən məqsədəmüvafiq hesab edilib.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.