"Onun hərbi xidmətdə olub-olmadığını bilmirəm" - Polkovnikdən deputata REAKSİYA
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elnur Allahverdiyev daha az müddətdə hərbi xidmət keçirilməsi üçün alternativ modelin yaradılmasını təklif edib.
Millət vəkili bildirib ki, tam müddət hərbi xidməti saxlamaqla aşağı müddətli qradasiyalar müəyyən oluna bilər:
"Buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Tutaq ki, müddətli həqiqi hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar. Hər bir vətəndaş hərbi xidmət borcunu yerinə yetirməlidir. Ancaq ali təhsil almış şəxslər 1 il ərzində hərbi xidmətdə olmalarından sonra yenidən təhsilə, elmi axtarışlara adaptasiya olunmaq, karyera quruculuğu baxımından müəyyən çətinliklər yaşayırlar".
Deputatın bu təklifi isə cəmiyyətdə müzakirələrə səbəb olub. Onun təklifi ilə razılaşanlar da var, etiaz edənlər də.
Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbçi ekspert, polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, təklifi edən deputatın hərbi xidmətdə olub-olmadığını bilmir:
"Milli Məclisin üzvü kimi yaxşı olardı ki, "Alternativ xidmət haqqında" qanunun qəbulu üzərində düşünərdilər. O qanun qəbul olunandan sonra orada hər şey var. Dini etiqadına görə, inancına görə xidmət edə bilən və ya bilməyən insanlarla bağlı, qardaş Türkiyədə olduğu kimi ödənişli, yəni pulunu ödəyirsən, xidmətdən azad olursan kimi müddəalar var. İndi təklif xatirinə təklif kimi səsləndirib. Amma ümumilikdə "Alternativ xidmət haqqında" qanun mütləq Azərbaycanda qəbul olunmalıdır. Yəni bunun başqa yolu yoxdur. Bu haqda düşünmək lazımdır, onu həll etmək lazımdır. Bu gün hərbi qanunvericiliyi təzələmək lazımdır ki, müasir tələblərə cavab versin. Bizim qanunvericilik hərbi sahədə çox geri qalır. SSRİ-dən tərcümə olunmuş qanunlarla düşünürük ki, bəzi məsələləri həll edə bilərik, amma belə deyil. Hələlik isə görünən odur ki, bizim hörmətli millət vəkilləri bu cür fikirlər səsləndirirlər və düşünürlər ki, bu, vəziyyətdən çıxış yoludur. Mən elə düşünmürəm, yenə də deyirəm, "Alternativ xidmət haqqında" qanun qəbul olunmalıdır, ondan sonra çox məsələlər öz həllini tapacaq".
Humay İSGƏNDƏRLİ