General toydakı olaydan danışdı: "Gənc leytenantdır, həyatı yaxşı başa düşmür"

 13:51 06.02.2024     1392

Azərbaycanda generallardan birinin oğlunun toyunda bomba həyəcanı verilməsi haqda mediada məlumat yayılıb. Bildirilib ki, generallardan birindən qisas almaq məqsədilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng olunub və onun oğlunun toyu keçirilən restorana bomba qoyulduğu xəbəri verilib.

Redaktor.az gununsesi.info-ya istinadən xəbər verir ki, söhbət Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucovdan gedir.

Uzun illər Azərbaycan ordusunda xidmət etdiyini vurğulayan Elman Orucov sayta açıqlamasında adının mediada belə xoşagəlməz hadisədə hallandırılmasından məyus olduğunu deyib: 

“Mən həyatımın böyük hissəsini hərbi xidmətə həsr etmişəm. Saysız-hesabsız xidmətlərim var. Bunlar ola-ola istəməzdim ki, toyda yaşanan bir xoşagəlməz olayı yazasınız. Yazdıqlarınızda narazı qaldığım bir məqam var. İddia edirsiniz ki, guya toyda əməlli-başlı həyacan olub, masaların altına baxılıb, hamı qorxu içində olub və sair. Yoxlamaya gələnlər mülki geyimli polislər olub. Sərbəst və müasir texniki avadanlıqlarla baxış edib, sakitcə gediblər. Ötən il də məhkəmə oldu və bitdi. Prosesdə zərərçəkən olmuşam və şikayətçi olmadığım üçün həmin zabitə şərti cəza verdilər. Mən şikayətçi olsaydım, indi 10 illik cəzasını çəkirdi. Nəzərə aldım ki, gənc leytenantdır, həyatı yaxşı başa düşmür. Ona görə də tutulmasının tərəfdarı olmadım. Bu gün o, zabit qismində xidmət edir”.

Gənc leytenantın ondan qisas almasının səbəbinə gəlincə, Elmar Orucov bunları deyib: “Mən 6 il rəis olduğum dövrdə 1200 nəfər kursant buraxılıb.  Bunların arasından 1 narazı qalan olması təbiidir. Mən onun gözündə problem olduğunu nəzərə alaraq belə qərar vermişdim. Tağım komandiri olsaydı, ön xəttə düşmənlə üz-üzə qalmalı idi. Eynəyi - 3 idi. Dedim ki, get, tərbiyəvi işlə məşğul ol. O da razılaşdı. 4 ildən sonra bunu ürəyində saxlayıb. Narazılığını da bildirmədi. Birdən-birə qisas alması mənə ağır və şübhəli gəldi. 

Mən onunla söhbət etdim. Dedim ki, niyə bu narazılığını mənə demirdin. Axı, nə qədər uşağa kömək eləmişəm. Bu, istər onların işində, istərsə də xaricdə təhsil məsələsində olub”.