"Verilən xəritələrin böyük hissəsi həqiqəti əks etdirmir" - Polkovnik

 14:59 12.02.2024     659

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib.

Formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.

Lakin, ANAMA-dan bildirilib ki, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik Elşad İsayev dedi ki, bu məsələ bir vaxtlar da yaşanmışdı:

"Onda da Ermənistan tərəfindən təqdim olunan bu mina xəritələrinin çox az bir hissəsi həqiqət olmuşdu. Qalan yerlər demək olar ki, dəqiq göstərilməmişdi. Ermənistanın Azərbaycanla indiki bu sülh şəraitində, danışıqlara gedilən bir vaxtda bu xəritələri təqdim etməsi bir tərəfdən təqdirəlayiqdir. Ancaq ikinci tərəfdən bu təqdim olunan xəritələrin nə dərəcədə həqiqəti əks etdirməsi inanılan deyil. Bizim mütəxəssislərimiz təbii ki, bu xəritə əsasında indi müəyyən ərazilərdə işləyiblər, həqiqəti əks etdirmədiyini görüblər. Onlara ümid bəsləmək olmur. Çünki bu millətin, bu xalqın xislətində bu var, hər məqamda, hər anda, çalışırlar ki, bir ziyan vursunlar, problem yaratsınlar. O qənaətdəyəm ki, bütün hallarda verilən xəritələrin xeyli hissəsi, bəlkə də böyük hissəsi müəyyən olunduğu kimi həqiqəti əks etdirmir. Bizim mütəxəssislər çox ehtiyatlı olmalıdır, çox diqqətli olmalıdır. Mütəxəssislər təbii ki, təcrübəlidirlər bu işlərin özləri bilirlər və arzu edək ki, o ərazilər təmizlənəcək".

Humay İSGƏNDƏRLİ