"Əsgərimizi yaralayan yaramaz erməni hərbçisi artıq həyatda yoxdur" - Polkovnikdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.
Bu gün isə Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Eyni zamanda bu gün Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.
Sərhəddəkki vəziyyətlə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov dedi ki, bu, Ermənistan ordusundakı vəziyyəti göstərir:
"Həm də Ermənistan ordusunda hazırkı rəhbərliyə qarşı məqsədyönlü şəkildə bəzi təxribatlar həyata keçirilir. Düşünmürəm ki, törədilmiş təxribatlar genişmiqyaslı hər hansı bir eskalasiyaya keçsin. Amma eyni zamanda biz qarşı tərəfi dəfələrlə xəbərdar etmişdik ki, əgər onlar bu cür təxribatlar edəcəklərsə, bədəlini ağır ödəyəcəklər və elə də baş verdi. Dövlət Sərhəd Xidmətinin əsgərlərinin keçirdiyi qisas əməliyyatı doğru, düzgün və yerindədir. Biz onlara xəbərdarlıq eləmişdik ki, harada olmasından asılı olmayaraq, - əvvəllər işğal altında olan ərazilər, indi isə Ermənistan silahlı qüvvələrinin şəxsi sərhəddə yerləşdiyi ərazi olsun - yerindəcə törətdikləri təxribatın cavabını alacaqlar. Artıq dünən o gördüyümüz Nerkin-And yaşayış məntəqəsindəki döyüş postu yoxdur. Böyük ehtimalla bizim əsgərimizi yaralayan yaramaz erməni hərbçisi də artıq həyatda yoxdur. Çünki o post darmadağın edilib, tamamilə məhv edilib. Ermənilər yəqin ki, gün ərzində çalışacaqlar ki, özünəməxsus şəkildə bunu Qazax, Tovuz istiqamətində, ya Naxçıvan istiqamətində müəyyən təxribatlarla cavablandırsınlar. Amma bundan çəkinmək lazım deyil. Nə yaxşı ki, bizim hərbi qulluqçularımız bu görüntüləri ictimailəşdiriblər və kiminsə söz deməsinə də ehtiyac qalmır".
Ekspertin sözlərinə görə, dünən ermənilər özləri də etiraf ediblər ki, onların hərbi polisi bu məsələni araşdıracaq:
"Onlar açıqlama verdilər ki, günahkarlar cəzalandırılacaq. Bir sözlə, erməni ordusu proqnozlaşdırılması mümkün olmayan bir ordudur. Eyni zamanda bir şeyi də unutmayaq ki, Ermənistan ordusu kənardan da idarə olunur. Yəni müəyyən təxribatları həyata keçirmək üçün maraqlı qüvvələr erməni ordusundan əvvəllər də istifadə edib, indi də istifadə edirlər".
Humay İSGƏNDƏRLİ