Yaralı hərbçimizin atası: “Oğlum boğazından yaralanıb”

 12:55 13.02.2024     380

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

2000-ci il təvəllüdlü yaralı hərbi qulluqçu, əsgər Xəlilzadə Pərviz dünən Respublika Neyrocərrahiyyə Xəstəxanasına DSX-nin hərbi təcili tibbi yardım maşını vasitəsilə gətirilib.

Redaktor.az xəbər verir ki, "modern" Xəlilzadə Pərvizin atası ilə əlaqə saxlayıb.

Ağakişi Xəlilzadə oğlunun vəziyyətinin yaxşı olduğunu deyib. 

“İndi yaxşıdır, vəziyyəti babatdır. Boğazından yaralanıb. Bizə xəbəri hərbi hissədən zəng edib dedilər. Sonra bizi Bakıya gətirdilər. Hazırda Bakıda xəstəxanadayıq. Anası ilə birlikdə gözləyirik”.