"Birgə istehsal həm Azərbaycan, həm də Türkiyə ordusunun milli silahlarla silahlanmasını təmin edəcək"
Prezident İlham Əliyev Türkiyəyə səfərində iki dövlət arasında bir sıra məsələlərlə yanaşı, müdafiə sənasyesi sahəsində birgə hərbi istehsalın da diqqət mərkəzində olduğunu bildirib.
Bununla bağlı Redaktor.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov iki ölkə arasında müdafiə sənayesi sahəsində birgə əməkdaşlığın mühüm önəm kəsb etdiyini bildirib:
“Prezident İlham Əliyev qardaş Türkiyəyə səfəri zamanı iki dövlət arasında müdafiə sənayesi sahəsində ortaq istehsalla bağlı fikirlər səsləndirdi, bununla bağlı konkret planlara malik olduqlarını vurğuladı. Hesab edirəm ki, Azərbaycanla Türkiyənin birgə hərbi istehsalla bağlı atacağı addımlar iki ölkə arasındakı hərbi əməkdaşlığın daha da güclənməsinə, mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Bu, həm Azərbaycana, həm də Türkiyəyə imkan verəcək ki, öz müdafiə sənayesini yerli istehsal hesabına daha da gücləndirsin, ordularını daha keyfiyyətli silahlarla, hərbi texnikalarla təmin etsin”.
Polkovnik qeyd edib ki, birgə hərbi istehsal həm Azərbaycanın, həm də Türkiyənin xaricdən silah idxalını da əhəmiyyətli dərəcədə azaldacaq.
“Müdafiə sənayesi sahəsində ortaq istehsalın ən mühüm üstünlüklərindən biri də, bunun Azərbaycan və Türkiyənin xarici idxaldan asılılğını azaldacağı ilə bağlıdır. Bu isə müasir dövrümüzüdə çox mühüm, hətta həyati bir məsələdir. Birgə istehsal həm Azərbaycan, həm də Türkiyə ordusunun milli silahlarla silahlanmasını təmin edəcək, dünyanın qabaqcıl silah ixracatçılarından asılılığını azaldacaq və ya bu asılılığa son qoyacaq.
Onu da qeyd edək ki, bu gün Azərbaycan və Türkiyədə silah istehsalı sürətlə inkişaf etməkdədir. Hazırda hər iki türk dövləti öz daxili tələbatının önəmli bir hissəsini yerli istehsal hesabına təmin etməklə yanaşı, digər ölkələrə də çoxlu sayda silah-sursat, hərbi texnika satır. Birgə hərbi istehsalın reallaşması ilə Azərbaycan və Türkiyənin hərbi ixrac imkanları da artacaq ki, bu da yeni maliyyə mənbəyi olmaqla yanaşı, həm də hər iki dövlətin dünyadakı nüfuzuna müsbət təsir göstərəcək”, - deyə C.Xəlilov bildirib.