"Hikmət Mirzəyevin o vəzifəyə gətirilməsi adi təyinat deyil" - Polkovnikdən AÇIQLAMA
"Türkiyə- Azərbaycan hərbi əlaqələri yeni xətt üzrə gedir və gələn ilin sonuna qədər bütün işləri yekunlaşdırmalıyıq".
Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Prezident İlham Əliyevin Ankaraya səfəri zamanı Azərbaycanda Türkiyə ordu modelinin qurulması barədə fikrini şərh edərkən bildirdi.
"Ölkə başçısı Türkiyədə səfər zamanı son antiterror əməliyyatları haqqında danışarkən antiterror əməliyyatlarında komanda və xüsusi təyinatlıların roluna istinad edərək dedi ki, Azərbaycanda Türkiyənin ordu modeli tam oturuşub. Ümumilikdə isə digər sahələrdə görüləsi xeyli işlər var. Ordunun rəhbərliyində hələ ciddi saf-çürük etmək lazımdır. Yəni başa düşmək lazımdır ki, daha bacarıqlı, daha müasir tələblərə cavab verən komanda qərargah heyəti formalaşdırmalıdır" - deyən polkovnik bildirdi ki, bizi qarşıdakı illərdə regional baxımdan hələ çox çətin sınaqlar gözləyir:
"Ermənistan və digər ölkələrlə hələ də davam edən, bəzən görünən, görünməyən məsələlərdən dolayı xeyli işlər görmək lazımdır. Ona görə də yəqin ki, orduda 2025-ci ilin sonuna qədər müəyyən dəyişiklikləri görəcəyik. Çünki ordu bu vəziyyətdə qalmayacaq. Yəni 2020-ci ildə gördüyümüz ordu, 2023-də tamam fərqli idi, 2024-də daha fərqli olacaq, 2025-də isə daha fərqli olmalıdır. Çünki bu qədər şəxsi heyəti saxlamağa ehtiyac yoxdur. Daha çox peşəkarlığa, peşəkarlara üstünlük veriləcək. Daha çox mobil və prezidentin də dediyi kimi, komanda və xüsusi təyinatlı tipli hərbi hissələrə üstünlük vermək lazım olacaq. O istiqamətdə də işlər görülməlidir. Quru Qoşunları komandanı vəzifəsinə gətirilən Hikmət Mirzəyevin o vəzifəyə təyinatı elə adi təyinat kimi deyil. Çünki Mirzəyev Quru Qoşunlarına gəlməzdən əvvəl xüsusi təyinatlıların komandanı olub. O daha mobil, daha hazırlıqlı, yığcam hərbi kontingentin olmasını başa düşür və ümid edirəm ki, yaxın illərdə elə qardaş Türkiyənin dəstəyi ilə biz bu istiqamətdə bəzi işləri görəcəyik. Sonuncu dəfə Bakıda səfərdə olan Türkiyənin keçmiş milli müdafiə naziri Hulusi Akar bir cümlə dedi ki, biz iki ölkənin bir ordusu modeli üzərində işləyirik. Mənə elə gəlir ki, bu işlər gələn il yekunlaşmalıdır".
Humay İSGƏNDƏRLİ