"Ermənistan məğlub dövlətdir, onların Azərbaycanla bu tonda rəftar etməsi yolverilməzdir” - Polkovnik

 16:11 29.02.2024     616

“Sonuncu dəfə ötən il Naxçıvanda belə bir hadisə olmuşdu. Aqşin Bəbirovla, Hüseyn Axundov yolu azaraq Ermənistan tərəfə keçmişdi. Bu isə işğaldan azad olunmuş ərazilərdir. Ona görə də orada hələ bəzi əsgərlərin yolu tanıması bir qədər çətindir. Amma bu o demək deyil ki, orada olan komandirlər boşluğa yol verməlidirlər”.

Bu sözləri Redaktor.az-a açıqlmasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov dünən Laçında yolu azaraq Ermənistan ərazisinə keçən əsgərimiz Ruslan Pənahov haqqında danışarkən deyib.

Onun sözlərinə görə, belə halların təkrarlanmaması üçün xüsusən qış aylarında komandirlər diqqətli olmalıdır:

“Uşaqlar bəzən istiqaməti doğru, düzgün təyin edə bilmirlər. Nəzərə alaq ki, hələ o əsgərin bir ili də tamam olmayıb, iyul ayında onun bir ili tamam olacaq, hərbi hissədə yenidir. Biz indi diqqəti başqa şeyə cəlb eləməliyik ki, Ermənistan 5 saat ərzində 5 qondarma maddələri ilə necə olur ki, bizim əsgərimizə qarşı bu iddiaları irəli sürür? Axı səhər saat 5 radələrində dumanda yolu azıb, ya sərt şəraitdə qarşı tərəfə düşən əsgərimiz qaçıb kimisə öldürmür, kiməsə atəş açmır. Sadəcə olaraq bir hadisə baş verib, amma bu, bizə dərs olmalıdır”.

Ekspert onu da qeyd etdi ki, Azərbaycan indiyə qədər yüzlərlə erməni əsgərini heç bir tələb irəli sürmədən, heç bir cinayət işi qaldırmadan qarşı tərəfə verib:

“2020-ci ildə 44 günlük savaşdan sonra baxaq, az qala hər həftə, hər ay onlarla erməni əsgərini geriyə qaytarmışıq və hər hansı bir tələbimiz, iddiamız da olmur. Bu bizim üçün Kamil Zeynallı məsələsindən sonra bir görk olmalıdır ki, 30 ilə yaxın biz guya öz aləmimizdə erməniləri hardasa axtarışa veririk. Amma 2020-də olan hadisəni 2023-də axtarışa verdilər və dərhal da Kamil Zeynallı Moskvada saxlanılır. Bu o deməkdir ki, bizim hüquq-mühafizə orqanları öz vəzifə borclarına çox səhlənkar yanaşır. Əgər vicdanla yanaşsaydılar, erməniləri çoxdan cəzalandırardılar. Bilirsiniz, ancaq reklama işləyirlər. Əksər nazirliklər, əksər qurumlar reklama işləyirlər: “Ay biz bunu elədik, ay onu elədik”. Fevralın 26-da Xocalı ilə bağlı susdular, bir kəlmə demədilər. Yəni bu illər ərzində, 32 il ərzində kimi məsuliyyətə cəlb ediblər? Bu məsələnin arxasında kimdir? Ona görə ermənilər deyirlər ki, "əşi azərbaycanlılardı da, nə desək edəcəklər". Baxın, Hüseyn Axundova qarşı ömürlük həbs cəzası çıxartdılar. Amma qısa bir müddətdə onlar dəyişildi. İndi də bu yaramaz ermənilər bu əsgərimizə, Ruslan Pənahova qarşı ona görə beş maddəni qaldırırlar ki, burada qalan, cəza çəkən dığaları Azərbaycandan almaq üçün bu yola əl atıblar. Amma ümid edirəm ki, Azərbaycan bu dəfə bir az ağıllı və belə düzgün tərpənəcək. Ermənistan məğlub dövlətdir. Onların Azərbaycanla bu dildə, bu tonda rəftar etməsi yolverilməzdir”.

Həmidə İBRAHİMLİ