Türkiyə və Azərbaycan arasında birgə hərbi müəssisələr yaradılacaq - AÇIQLAMA

 17:04 07.03.2024     586

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə rəsmi səfərdə olub.

Nazir səfər zamanı Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə, Türkiyənin Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla və Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb. 

Müdafiə nazirinin səfəri haqqında Redaktor.az-a danışan hərbi ekspert Ramil Məmmədli söylədi ki, Türkiyə müdafiə sənayesi kompleksi inkişaf etməkdə olan ölkələr sırasındadır:

"Müdafiə sənayesi ilə bağlı ölkələr iki qrupa bölünür. Müdafiə sənayesi inkişaf etmiş və inkişaf etməkdə olan. Məsələn, Türkiyə, Braziliya, Koreya və s. bu kimi ölkələr var ki, bunlar inkişaf etməkdə olan ölkələrdir. Yəni son 20 ildə müəyyən layihələri həyata keçirməklə inkişaf yolu tutublar. Türkiyənin müdafiə sənayesinin fərqliliyi odur ki, Türkiyə ənənəvi hərbi texnoloji avadanlıqlara köklənmir, rəqəmsal texnologiyalar əsasında hazırlanan məhsullar üzərində öz istiqamətini formalaşdırır. Yəni pilotsuz uçuş aparatları və digər təyinatlı dronlar, naviqasiya sistemləri, radiolokasiya sistemləri, taktiki raket sistemləri formalaşdırır. Mən uzun illərdir Türkiyə-Azərbaycan hərbi-texniki əməkdaşlığın vacibliyi haqqında fikirlərimi səsləndirirəm, istiqamətləri təqdim edirəm. Hətta müharibədən sonra bununla bağlı daha kəskin fikirlər səsləndirmişdim. Çox təəssüf ki, 1994-cü ildə Türkiyə ilə Azərbaycan arasında imzalanan strateji tərəfdaşlığa dair müqavilədən sonra, onun bir fəsli də hərbi texniki əməkdaşlığı özündə əks etdirirdi, əməkdaşlığımızın böyük hissəsi satınalmalar istiqamətində olub və yaxud da modernləşmə layihələri əsasında həyata keçirilib. Sıfırdan məhsul istehsalı istiqamətində hansısa bir yeniliklər həyata keçirilməyib. Bunun özü də yəqin ki, Türkiyənin müdafiə sənaye kompleksinin özünün yeni inkişaf yolu tutması ilə bağlıdır. Mən burada bunu danmıram. Sadəcə olaraq düşünürəm ki, qarşıdan gələn dövrdə, tez bir zamanda Türkiyənin müdafiə sənayesi müəssisələri, şirkətləri ilə bizim müdafiə sənayesi şirkətləri arasında birgə müəssisələr yaradılacaq, birgə məhsul istehsalı həyata keçiriləcək. Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi kompleksi arasında görülməmiş, ağlagəlməz bir yeniliyin həyat keçirilməsini düşünmək də lazım deyil. Çünki Azərbaycan kifayət qədər məhsul alır və bu istiqamətdə də əməkdaşlıq davam etdirilir. Perspektivdə təbii ki, indi "Akıncı" ilə bağlı müqavilə bağlanılıb, onlar alınacaq və digər texnika və texnologiyalar var ki, onların da satın alınması istiqamətində işlər gedir".

Humay İSGƏNDƏRLİ