"Azərbaycan Ordusu işğaldakı 8 kəndin hamısını azad etməyə qadirdir" - Polkovnikdən AÇIQLAMA

 16:14 11.03.2024     654

Xəbər verdiyimiz kimi, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.

"Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq” - deyə açıqlamada qeyd olunub.

Bəs, Ermənistan bu kəndləri Azərbaycana qaytarmasa, yeni bir müharibə ola bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, o, müharibənin başlanmasını güman etmir.

Polkovnik hesab edir ki, bunun üçün müəyyən əsas yoxdur.

"Ancaq anklavlar birmənalı şəkildə qaytarılmalıdır. Azərbaycan dövlətinin mövqeyi belədir. Bu kəndlərin qaytarılması məsələsi üçtərəfli sazişdə də nəzərdə tutulmuşdu. Bunlar bütün danışıqların nəticəsi olaraq birmənalı şəkildə qaytarılmalıdır və biz bunu tələb edirik. Ona görə mən bundan sonra yeni lokal müharibələrin, toqquşmaların olacağını istisna edirəm. Mənim fikrimcə, bu məsələlər diplomatik yolla öz həllini tapacaq. Artıq Ermənistan-Azərbaycan arasında baş nazir müavinləri səviyyəsində görüşlər keçirilir, müəyyən iclaslar keçirilir, müəyyən söhbətlər, müzakirələr aparılır və artıq mətbuatda da bu barədə müəyyən məlumatlar var. Ona görə güman edirəm ki, bütün bu diplomatik görüşlərin, bütün ikitərəfli görüşlərin nəticəsi olaraq bu məsələlər həllini tapacaq. Bunun üçün zamana ehtiyac var. Çünki bu, asan məsələ deyil. Açıq deyim, çox mürəkkəb bir məsələdir, lakin müharibəsiz həllini tapacaq. Son məqamda bunun hansısa bir toqquşmaya və ya hansısa bir qarşıdurmaya gətirib çıxaracağını güman etmirəm. Yəni sadəcə bunun üçün vaxta ehtiyac var. Azərbaycan Ordusu bu gün nəinki 4 kəndi, 8 kəndin hamısını azad etməyə qadirdir. İstənilən vaxt Azərbaycan ordusu bu torpaqları azad edə bilər. Sadəcə Azərbaycan tərəfi, dövlət başçısı dəfələrlə bəyan edib ki, biz müharibə istəmirik. Biz istəyirik ki, məsələlər danışıqlar yolu ilə həllini tapsın", - deyə E.İsayev qeyd etdi.

Həmidə İBRAHİMLİ