Hərbi Polis İdarəsinin sabiq rəisinin məhkəməsi başladı

 18:00 11.03.2024     541

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı daha bir məhkəmə araşdırması başlayıb.

Redaktor.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, bu dəfə müttəhim kürsüsündə əyləşən Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyevdir. Hacıyev də 143 milyonluq mənimsəmədə iştirak edib. Fəaliyyəti yoxlanılarkən məlum olub ki, o, sözügedən vəzifələrdə işlədiyi vaxtda vəzifə səlahiyyətlərini aşmaqla 1 milyon 500 min manat mənimsəyib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan istintaqın əvvəlində ona dövlətə dəymiş ziyanı ödəməsinə şərait yaradılıb. Lakin təqsirləndirilən şəxs ziyanı ödəmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda müttəhimin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib. Müdafiə tərəfi indiki məqamda hər hansı vəsatətlə çıxış etməyib. Prokuror seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını, işin baxışa təyin edilməsini istəyib.

Məhkəmə prokurorun vəsatətini təmin edib.

İlk baxış iclası martın 18-nə təyin edilib.

Qeyd edək ki, DTX tərəfindən Müdafiə Nazirliyindəki qanun pozuntularına görə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb. İstintaqla nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə, Təlim və Tədris Mərkəzinin maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib. Digər təqsirləndirilənlər haqda dövlətə dəymiş ziyanın ödənilməsi şərti ilə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.