Əli Nağıyev “Vətən müharibəsi qəhrəmanı” adı almış DTX işçilərinin sayını AÇIQLADI
"Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşərək qələbənin əldə olunmasına digər hərbi strukturlar kimi Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti də öz töhfəsini verib".
Redaktor.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışında bildirib.
"Qürurverici haldır ki, bu gün artıq Dövlət Təhlükəsizliyi Xidmətində “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüş 7 əməkdaş xidmət edir" - deyən general əlavə edib ki, 2023-cü ildə DTX-nin əldə etdiyi ən böyük uğurlardan biri Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi sayəsində ölkəmizin Qarabağ ərazisində uzun illər kök salmış separatçı-kriminal xunta rejiminin rəhbərlərinin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi və onların törətdikləri qanlı cinayətlərinə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü işlərdir.
T.İSMAYIL