"Moskvadan ona nə tapşırıq verilibsə, həmin fikri də səsləndirib" - Polkovnik

 14:46 01.04.2024     662

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ermənistanın Azərbaycanla şərti sərhədə qoşun yığması ilə bağlı görüntülər yayılıb.

Belə ki, görüntülərdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydı alınıb.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi də açıqlama yayıb. bildirilib ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.

"Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.

Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.

Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir", - deyə MN-nin açıqlamasında deyilir.

Ermənistanın şərti sərhədə qoşun cəmləməsi nədən xəbər verir? Yeni müharibə ehtimalı varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov söylədi ki, heç bir müharibə olmayacaq:

"Müharibə sözünü unudun. Nə qədər ki, regionda bəzi dövlətlər pozuculuq fəaliyyəti ilə məşğuldurlar, onlar Ermənistanı zamanla bu cür addımlara təhrik ediblər və indi də təhrik edirlər. Sadəcə, bu məlumatın hardan qaynaqlandığına diqqət yetirsək, bu kifayət edəcək. Rusiya teleqram kanalları bu məlumatı ictimailəşdirdilər və dərhal da erməni mətbuatı da bir ajiotaj qaldırdı. Çox təəssüflər olsun ki, Azərbaycanda da bəziləri bu tələyə düşdülər. Ermənistanın nə gücü var ki, Azərbaycana qarşı hansısa bir pozuculuq fəaliyyəti etsin. Biz fevralın 7-də baş vermiş məlum hadisəni analiz edəndə bildik ki, orada Ermənistandan daha çox kənar qüvvələr, "Yerkrapa"nın nümayəndələri və "Yerkrapa"ya bu tapşırığı verənlər marağında idi. Gəlin unutmayaq ki, üç gün bundan qabaq Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin çox həyasız və tərbiyəsiz bir açıqlama verdi. Açıqlama da ondan ibarətdir ki, Rusiya ermənilərin öz əzəli torpaqlarına qayıtmağına kömək etməyə hazırdır. Yəni əzəli torpaqları deyəndə Qarabağı nəzərdə tutur. Ona görə ki, Ermənistanın atdığı addımlar sayəsində Rusiya Ermənistanın təsir dairəsindən uzaqlaşır. Onlar da istəyirlər ki, Azərbaycanla Ermənistan arasında münaqişə yaransın, Azərbaycan Ermənistanı əzsin, Ermənistanın hazırkı baş naziri daha çıxılmaz vəziyyətə düşsün və onu siyasi arenada öz vassalları ilə əvəz etsin. Ona görə hər hansı bir müharibə elementi yoxdur. Qoşunlardır, gənc əsgərlərdir, ora daşıyırlar, bura daşıyırlar. Hara aparmışdılar əsgərlərini? Naxçıvan istiqamətində, Kərki istiqamətində. Bu gün o istiqamətdə, hər hansı bir müzakirə getmir. Əvvəl Qazax istiqamətindəki dörd yaşayış məntəqəsi ilə bağlı söhbət gedir, sonrakı mərhələdə isə Kərki və digər yeni yaşayış məntəqəsi ilə əlaqədar söhbətlər gedəcək".

Ü.Cəfərov dedi ki, biz bəzi təxribatlara uymamalıyıq.

"Müharibə mümkünsüzdür. Yəni Ermənistan bilir ki, Azərbaycana qarşı bir dənə daş atacaq, onun əvəzini alacaq. Fevralın 7-də bir atəş açdılar, əsgərimizi yaraladılar, dörd hərbi qulluqçuları, bir də dayaq məntəqələri postu darmadağın edildi. Ona görə Ermənistanın gücü yoxdur. Biz mətbuat olaraq bəzilərinin toruna düşməyək. Bu, sadəcə bəzi dövlətlərin, konkret olaraq Rusiyanın marağındadır. Təəssüflər olsun ki, bəzən biz bu təxribatlara cavab vermək məcburiyyətində qalırıq. Avropa İttifaqının Cənubi Qafqazdakı daimi nümayəndəsi Toyvo Klaar dedi ki, missiyanın Ermənistandan verdiyi məlumat ondan ibarətdir ki, hər hansı bir müharibə hazırlıqları yoxdur. Əgər müharibə təhlükəsi olsaydı, onlar da hər hansı bir narahatçılığını bildirərdilər. Təəssüflər olsun ki, Azərbaycan Qarabağ məsələsini həll etdiyi halda, bizim guya strateji müttəfiqmiz olan Rusiya deyir ki, məsələ hələ həllini tapmayıb. Özü də kimin dili ilə deyib, səfirin dili ilə. Səfir də müstəqil şəxs deyil, səfir Moskvaya tabe şəxsdir. Moskvadan ona nə tapşırıq verilibsə, o, həmin fikri də səsləndirib. Ümumi mənzərə budur", - deyə polkovnik bildirdi.

Humay İSGƏNDƏRLİ