“Bu sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür” - Polkovnik

 09:47 03.05.2024     772

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2 may 2024-cü il tarixində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam İkinci Dünya müharibəsində həm ön xətdə döyüşən, həm də arxa cəbhədə fədakar əməyi ilə diqqət çəkən şəxslərə maddi yardımın göstərilməsini nəzərdə tutur.

Bununla bağlı Redaktor.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezidentin məlum Sərəncamını alqışlayıb, bunu bütün veteranlara göstərilən qayğı kimi xarakterizə edib:

“Prezidentin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərlə bağlı sözügedən Sərəncamı sadəcə həmin müharibədə iştirak edən şəxslərə deyil, ümumilikdə bütün veteranlara göstərilən diqqət və qayğı kimi xarakterizə edilməlidir. Dövlət başçısı bu Sərəncamla bir daha göstərdi ki, o, hansı dönəmdə, hansı tarixi şəraitdə müharibədə iştirak etməsindən asılı olmayaraq, heç bir veteranı unutmur, dövlətimizin, xalqımızın təhlükəsizliyi uğrunda çalışan insanları daim yada salır, onlara dəstək olur.

Dövlət başçısı İkinci Dünya müharibəsində yalnız ön cəbhədə deyil, arxa cəbhədə çalışan, fədakar əməyinə görə orden və medallarla təltif olunan şəxsləri də diqqətdən kənarda qoymur, onların da əməyini, qəhrəmanlığını yüksək qiymətləndirir. Elə bu səbəbdən də məlum Sərəncamda arxa cəbhədə fədakar əməyi ilə diqqət çəkən şəxslərə də maddi yardımın  göstərilməsi nəzərdə tutulub. Hansı ki, bu maddi dəstəyin veteranlarımız üçün mənəvi əhəmiyyəti də olduqca böyükdür. Dövlət başçısının bu qayğısı nəticəsində İkinci Dünya müharibəsi veteranları bu gün də unudulmadıqlarını, əksinə, dövlətimizin davamlı diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss edir. Bu isə onlara mənəvi güc, böyük ruh yüksəkliyi bəxş edir”.

Polkovnik Cəlil Xəlilov veteranlara göstərdiyi qayğıya görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də bütün veteranlar adından ölkə başçısına təşəkkür edib, minnətdarlığını bildirib:

“Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona öz minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, veteranlarımız hər zaman olduğu kimi bunan sonra da dövlətçiliyimizə sədaqətlə xidmət edəcək, Müzəffər Ali Baş Komandanın hər bir çağırışını dəstəkləyəcək, bu tapşırıqların icrasında ön səfdə yer alacaqlar”.

Sultan AYXAN