“Dünya faşizm üzərindəki qələbəyə görə Bakı neftinə borcludur”  - Cəlil Xəlilov

 11:46 08.05.2024     3190

Mayın 9-u İkinci Dünya müharibəsinin başa çatmasının 79-cu ildönümüdür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov söhbətimizdə bu tarixi qələbədən, onun əldə edilməsində Azərbaycan xalqının rolundan danışıb:

-Cəlil müəllim, qarşıdan 9 may – böyük qələbənin 79-cu ildönümü gəlir. Öncə bu qələbədə Azərbaycan xalqının rolu ilə bağlı fikirlərinizi bilmək istərdik.

-İkinci Dünya müharibəsi bəşər tarixinin ən böyük və ən dağıdıcı müharibəsidir. Bu müharibə bir neçə qitə və onlarla ölkəni əhatə etmiş, milyonlarla insanın həyatına son qoymuşdur.

Faşizmə qarşı mübarizə və bu mübarizənin mümkün nəticələri bütün bəşəriyyətin gələcəyi baxımından həlledici amil sayılırdı. Dünya ya faşizmə qalib gələrək özünü xilas edəcək, ya da faşizmin əsarəti altında məhv olacaqdı. Məhz belə bir zamanda Azərbaycan xalqı faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlar və fədakarlıqar sərgilədi, bu mübarizənin taleyinə həlledici təsir göstərdi.

Xatırladım ki, Azərbaycan xalqının 700 mindən çox oğul və qızı  İkinci Dünya müharibəsində faşizmə qarşı hərbi əməliyyatlarda iştirak etmiş, onların 300 min nəfər bu mübarizədə qəhrəmancasına həlak olmuşdur.

Müharibədə Azərbaycanın milli diviziyaları öz qəhrəmanlığı ilə böyük şöhrət qazanmış, faşist işğalındakı onlarla şəhərin, yüzlərlə yaşayış məntəqəsinin azad edilməsini təmin etmişdir.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişdilər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur.

-Azərbaycanlı döyüşçülərin keçmiş SSRİ ilə yanaşı, Qərbi və Şərqi Avropa ölkələrinin faşizmdən müdafiəsində də iştirak etdiyi məlumdur. Sizcə bu tarixi fakt dünyada yetərincə təbliğ olunurmu?

-Azərbaycanlı döyüşçülərin keçmiş SSRİ ilə yanaşı, bir sıra ölkələrin - Polşa, Çexoslovakiya, Yuqoslaviya, İtaliya, Fransa və digər ölkələrin faşizmdən müdafiəsində iştirak etdiyi, bu mübarizədə göstərdikləri qəhrəmanlıqlara görə çoxsaylı təltif və mükafata layiq görüldüyü tarixi həqiqətdir. Nümunə üçün qeyd edim ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə Yuqoslaviya və İtaliyanın faşizmdən müdafiəsində iştirak etmişdir.

Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Əhmədiyyə Cəbrayılov Fransanın faşizm əsarətindən xilas olunmasında yaxından iştirak etmiş, Paris azad edildikdən sonra burada general Şarl de Qolla görüşmüşdür. Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığı ilə bağlı sadəcə bir fakta diqqət çəkim ki, azərbaycanlı döyüşçü tək bir əməliyyat zamanı 500 nəfər fransız uşağın alman həbs düşərgəsinə aparılmasının qarşısını almış, onları azad etmişdir.

Azərbaycanlı döyüşçülərlə bağlı yüzlərlə, minlərlə bu cür faktlar mövcuddur. 

Əslində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bizim əsas məqsəd və fəaliyyət istqiamətlərindən birini də məhz həmin azərbaycanlıların xatirəsinin bu ölkələrdə əbədiləşdirilməsidir. Biz çalışırıq ki, yalnız post-sovet məkanında deyil, Avropanın müxtəlif şəhər və qəsəbələrində, harada ki, azərbaycanlılar döyüşüb, məhz həmin yaşayış məntəqələrində onların adı əbədiləşdirilsin. Bu, həm tarixin unudulmaması, yaşadılması, həm də qəhrəmanlarımızın Avropa ictimaiyyətinə tanıdılması, onların təbliği baxımından vacibdir. 

Dünya ictimaiyyətinin bununla bağlı daha dolğun məlumatlandırılması üçün sənədli filmlərin çəkilməsinə, kitabların yazılmasına, ciddi tədqiqat işlərinin ortaya qoyulmasına ehtiyac var. Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq bu istiqamətdə səylərimizi davam etdiririk və təbii ki, bu yöndə atılması gərəkən hələ çox addım var.

-Cəlil müəllim, müharibədə Azərbaycan həm də öz nefti və digər iqtisadi resursları ilə də iştirak etdi. Sizcə ölkəmizin cəbhə üçün ortaya qoyduğu iqtisadi resurslar, xüsusilə də Bakı nefti müharibənin gedişatına və taleyinə hansı miqyasda təsir göstərdi?

- İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin böyük rolu olduğu birmənalıdır. Müharibədə cəbhənin yanacağa olan əsas ehtiyacını məhz Bakı neftçiləri qarşılayıb. 1941-1945-ci illərdə ölkəmizdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Azərbaycan müharibə illərində 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.

Bu gün bir daha bütün fakt və rəqəmləri təhlil edərək əminliklə deyə bilərik ki, müharibənin taleyini məhz Bakı nefti həll edib. Hansı ki, dünyanın bir çox hərbi-siyasi liderləri də Bakı neftinin həyati əhəmiyyəti etiraf edib, qələbəyə görə daha çox Bakı neftinə minnətdar olduqlarını bildiriblər. Nümunə üçün qeyd edim ki, Sovet İttifaqı Marşalı F.İ.Tolbuxin bu gerçəkliklə bağlı demişdir:

“Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”.

-Müharibə dönəmində Azərbaycanda silah-sursat və hərbi texnika istehsalı baxımından vəziyyət necə idi?

-Müharibə zamanı Azərbaycan cəbhəyə həm də yüksək keyfiyyətli silah-sursat göndərir, bir sıra hərbi texnikalar üçün çoxsaylı hissələr istehsal edirdi. 1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya minomyotu istehsal edən zavod yaradıldı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış 2 dəfə artdı. Bir müddət sonra Bakıda “YAK” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi.

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, həmçinin 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi. Stalinqrad uğrunda amansız döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşındı.

Müharibə dönəmində respublikamızdakı müəssisələr 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.

1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu oldu. 

-Cəlil müəllim, Azərbaycan müstəqillik əldə edəndən sonra İkinci Dünya müharibəsi və Azərbaycanın bu müharibədə iştirakına fərqli münasibət bəsləyənlər də oldu. Bu barədə nə deyə bilərsiniz?

-Qeyd etdiyiniz kimi, 1991-ci ildə ölkəmiz ikinci dəfə öz müstəqilliyinə nail olduqdan sonra bəzi şəxslər gülünc və əsassız iddialarla çıxış etməyə başladılar. Onlar İkinci Dünya müharibəsinin mahiyyətini təhrif edərək bildirirdilər ki, guya Azərbaycanın bu müharibədə iştirakına heç bir lüzum olmayıb. Guya bu, Almaniya ilə Rusiya arasında gerçəkləşən bir müharibə idi və hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq, bunun Azərbaycan üçün heç bir mənfi nəticəsi olmayacaqdı.

Bu, təbii ki, absurd bir iddiadır. Çünki faşizm yalnız post-sovet məkanının deyil, bütün dünyanı əsarət altına almağı qarşısına məqsəd qoymuşdu.

1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə bu iddialara da son qoyuldu. Heydər Əliyev haqlı olaraq bəyan etdi ki, İkinci Dünya müharibəsi və Azərbaycan xalqının bu müharibədə iştirakı tariximizin ayrılmaz və şərəfli bir parçasıdır. Azərbaycan heç vaxt öz tarixindən imtina etməyəcək.

Beləliklə də, Heydər Əliyevin sayəsində ölkəmizdə 9 may Qələbə Günü yenə də qeyd edilməyə başladı, İkinci Dünya müharibəsi veteranlarına dövlət qayğısı ildən-ilə artdı. Bu gün bütün veteranlarımız kimi İkinci Dünya müharibəsi veteranları, onların ailə üzvləri dövlətimizin diqqət və qayğısını mütəmadi şəkildə öz üzərlərində hiss edirlər. Bu baxımdan Prezident İlham Əliyevin 2 may 2024-cü il tarixli Sərəncamı buna nümunədir. Müzəffər Ali Baş Komandan həmin Sərəncamla İkinci Dünya müharibəsi veteranlarına, onların ailə üzvlərinə, eləcə də arxa cəbhədəki fədakar əməyi ilə seçilən şəxslərə birdəfəlik madi yardımın göstərilməsinə qərar verdi. Bu fakt bir daha döv lətimizin hər bir veteranına sahib çıxdığını, onlara qayğı ilə yanaşdığını sübut edir.

-Ölkəmizdə İkinci Dünya müharibəsində iştirak edən və bu gün də həyatda olan neçə veteran var?

-Hazırda 30 belə veteranımız var ki, onların hər biri Təşkilatımızın diqqət mərkəzindədir. Biz tez-tez onlarla əlaqə saxlayır, onları ziyarət edir, qayğı və istəkləri ilə maraqlanırıq. Onların müalicəsi, sosial durumu bizim diqqət mərkəzimizdədir.

Bu il fevralın 29-da Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskayanı ziyarət etmiş, onun müalicəsini diqqət mərkəzində saxlamışıq. 2024-cü il martın 7-də Anan Xarkovskayanı evində də ziyarət etdik, qayğıları ilə maraqlandıq.

Digər veteranlarımız da tərəfimizdən diqqət mərkəzində saxlanılır, onların üzləşdiyi problemlər əlaqədar qurumların diqqətiə çatdırlır.

Bizim üçün qürurvericidir ki, bu işdə rayonlardakı təşkilatlarımız da aktiv fəaliyyət göstərir. Məsələn, bugünlərdə Cəlilabad Rayon Veteranlar Təşkilatının nümayəndələri bir sıra dövlət qurumlarının yetkililəri ilə birlikdə rayonun Abdullu kəndində  yaşayan İkinci Dünya müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu ziyarət edib, onun arzu və istəkləri ilə maraqlanıblar.  

Əminliklə bildirirəm ki, bundan sonra da bütün kateqoriyadan olan veteranlarımız kimi İkinci Dünya müharibəsi veteranları da Təşkilatımız tərəfindən diqqətdə saxlanılacaq, onların düşündürən məsəllərin həlli üçün tərəfimizdən imkan və səlahiyyətlərimiz daxilində bütün gərəkli addımlar atılacaq.

Mən veteranlara göstərdiyi diqqət və qayğıya görə Təşkilatımız adından Prezident İlham Əliyevə təşəkkür edir, bütün veteranlar adından ona öz minnətdarlığımı bildirirəm. Xatırladıram ki, veteranlarımız hər zaman olduğu kimi bundan sonra da Prezidentin hər bir çağırışını dəstəkləməyə, dövlətimizin rifahı, təhlükəsizliyi və tərəqqisi üçün istənilən fədakarlığa hazırdılar.