“Veteranlara verilən 80 manat təqaüdün artırılmasına ehtiyac var” - Polkovnik
Son günlər media və sosial mediada, eləcə də parlamentdə veteranlara verilən 80 manat təqaüdün artırılması ilə bağlı təkliflər səslənməkdədir.
Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı danışan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov bu təqaüdün artırılmasının məqsədəuyğun olduğunu vurğulayıb:
“Müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılmasına ehtiyac var. Hər şeydən öncə qeyd edim ki, veteranlara verilən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü dövlətimizin, Prezidentimizin veteranlara olan diqqət və qayğısından xəbər verir və biz buna görə bir daha Müzəffər Ali Baş Komandana öz təşəkkürümüzü bildiririk. Bu fakt bir daha sübut edir ki, şəhid ailəlrinin, müharibə əlillərinin, veteranların sosial rifahınn kompleks şəkildə yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Bununla yanaşı hesab edirəm ki, indiki şəraitdə bu təqaüdün artırılmasına ehtiyac var. Bu artımı zəruri edən əsas amil mövcud sosial-iqtisadi reallıqlardır.
Məlum olduğu kimi, bu gün müasir dünyada baş verən qiymət artımı, bahalaşma və s. kimi amillər bu və ya digər dərəcədə Azərbaycanda da özünü hiss etdirir. Habelə, son vaxtlar kommunal xidmətlərin də nəzərəçarpacaq dərəcədə artdığı hər kəsə məlumdur. Bu baxımdan veteranlara verilən 80 manatlıq təqaüdün artırılması vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşmasına, onların ailə büdcəsinin daha da güclənməsinə kömək edə bilər. Ona görə də, hesab edirəm ki, əlaqədar qurum və instanasiyalar, xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclisin Əmək və sosial siyasət komitəsi bu məsələyə həssaslıqla yanaşmalı, bu təqaüdün artırılmasını təmin etməlidirlər”.
Polkovnik qeyd edib ki, veteranlara verilən Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılması veteranlar üçün mənəvi-psixoloji baxımdan da ciddi stimul olar:
“Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılması dövlətimizin veteranlara sistemli qayğısının daha bir nümunəsi olmaqla yanaşı, veteranlarımız üçün mənəvi-psixoloji baxımdan da ciddi stimul olar.
Bundan başqa, bu artım ölkəmizə, dövlətimizin veteranlarla bağlı siaysətinə qarşı informasiya müstəvisində, o cümlədən sosial şəbəkələrdə çirkin təbliğat kampaniyası təşkil edən qüvvələrə də layiqli cavab olar. Bütün dünya bir daha şahid olar ki, ölkəmizdə veteranların sosial rifahının yaxşılaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu siyasət praktikada dinamik şəkildə öz əksini tapır”.