"Bir ölkənin dövlət başçısı bir söz dediyi halda, ortada başqa mənzərə ilə rastlaşırıq" - Polkovnik

 15:56 14.06.2024     1287

Xəbər verdiyimiz kimi, son iki gündə Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində ordumuzun mövqelərini müəyyən fasilələrlə atşə tutur. 

Maraqlıdır ki, eyni vaxtda Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin bir ay müddətində imzalanmasının mümkünlüyündən danışır. Odur ki, Ermənistan liderinin sülh açıqlaması ilə onun ordusunun mövqelərimizi atəşə tutması təzad doğurur. 

Bəs görəsən, atəşkəsi pozmaq hazırkı durumda Ermənistan tərəfinə nə qazandırır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspet, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Ermənistanın atəşkəsi pozmasnda məqsədi gün kimi aydındır:

“Onlar istəyir ki, ordumuzun əsgərləri arasında müəyyən çətinlik və itkilər yaşansın. Əvvəllər də Azərbaycan bu kimi halların cavabını artıqlaması ilə cavab verib. Onlar atəşkəsi pozmaqla hər hansısa ərazini nəzəratə götürə bilməyəcək. Bu həm də Ermənistan ordusunun real göstəricisidir. Erməni rəsmilər qeyd edir ki, sülh müqaviləsini bir ay ərzində imzalamağa hazırıq. Lakin digər tərəfdən prosesi pozmaq üçün bəzi qüvvələr hərəkətə keçir. Bu, əlbəttə ki, xoşagəlməz faktdır. Bir ölkənin dövlət başçısı bir söz dediyi halda ortada başqa mənzərə ilə rastlaşırıq. Yəni faktiki olaraq Ermənistan rəsmilərinin sözü ilə baş verənlər arasında tərs mütənasiblik var. Ona görə də düşünmürəm ki, bu proseslər Paşinyan tərəfindən təşkil edilib”.

Polkovnik qeyd etdi ki, idiki məqamda təxribatların baş verməsi Paşinyanın özü üçün xoşa gələn mənzərə deyil.

“İndiki məqamda təxribatların baş verməsi Paşinyanın özü üçün xoşa gələn mənzərə deyil. O bilir ki, Azərbaycan bir şeyi dedisə edəcək. Bildirmişik ki, Azərbaycana qarşı hər hansısa təxribat olacaqsa, bunun cavabı mütləq olacaq. 

Hesab edirəm ki, baş verən bu hadisələr Ermənistanın daxilində olan pozucu qüvvələrin fəaliyyətidir və onlara qarşı müəyyən addımlar atılacaq. Azərbaycanın xoş niyyətini qarşı tərəf başa düşməlidir ki, biz tezliklə bölgədə sülhün yaranmasında maraqlıyıq. Ermənistan bu xətt ilə getsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıra bilər. 

Ermənistanda kənardan öyrədilən qüvvələr - keşiş Baqrat, kilsə, Robert Köçəryan və Serj Sarqsyan müxtəlif yollara baş vurmağa çalışır. İndi bu qüvvələrin ümidi ayın 17-də baş tutacaq parlamentin iclasına qalıb. Lakin unutmaq olmaz ki, parlamentdə çoxluq Paşinyan tərəfdarlarındadır. Düşünmürəm ki, bu qüvvələr məqsədlərinə nail ola bilsin”, - deyə Üzeyir Cəfərov qeyd etdi.

Yusif SƏMƏDZADƏ