DTX-nin Akademiyasında növbəti məzun buraxılışı OLDU - FOTO

 18:11 03.07.2024     994

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 3-də Heydər Əliyev adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilib.

Bu barədə Redaktor.az-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təntənəli tədbir məzunlara diplomların təqdim olunması mərasimi ilə davam etmiş, ardınca DTX-nin rəisi general-polkovnik Əli Nağıyev giriş nitqi ilə çıxış edib.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Akademiyada təhsillərini uğurla başa vurmaları ilə bağlı məzunlara təbriklərini çatdıran Xidmət rəisi DTX-nin gələcək zabit əməkdaşlarının Vətənə və xalqa dönməz sədaqətlə xidmət edəcəklərinə, dövlətimizin təhlükəsizliyinin keşiyində hər zaman ayıq-sayıq duracaqlarına, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz səyləri nəticəsində müasir çağırışlara uyğun formalaşdırılmış milli təhlükəsizlik konsepsiyasının müvəffəqiyyətlə reallaşdırılması istiqamətində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, ölkənin təhlükəsizliyinin etibarlı təminatı naminə var qüvvə ilə çalışacaqlarına inamını ifadə edib.

General-polkovnik Əli Nağıyev bildirib ki, yüksəkixtisaslı kadrlarla komplektləşdirilmiş və maddi-texniki bazası davamlı yenilənən Akademiyada keyfiyyətli təhsil alınması üçün tədris prosesi ilbəil təkmilləşdirilir, xüsusi təyinatlı təhsil müəssisəsinin infrastrukturu çağdaş tələblərə uyğun şəkildə yenidən qurulur. Sadalanan amillərlə yanaşı, Akademiyada kursant adına yiyələnmək istəyənlər arasında ciddi seçim aparılır, bu proses çərçivəsində yalnız qənaətbəxş səviyyədə bilik və bacarıqları olan, gələcəyi böyük potensial vəd edən gənclərə üstünlük verilir. Son illərdə görülən bu məqsədyönlü tədbirlərin nəticəsidir ki, yüksək bal toplayaraq Akademiyaya daxil olan kursantların sayı hər ötən il daha da artır və onlar respublika üzrə keçirilən müxtəlif bilik yarışlarında birincilik qazanırlar.

Tədbirin digər çıxışçıları kursantların peşəkar zabit kimi yetişmələri üçün Akademiyada yaradılan hərtərəfli şəraitə görə DTX-nin və Akademiyanın rəhbərliyinə minnətdarlıq etmiş, övladlarının dövlətimizə təhlükəsizlik orqanı əməkdaşı kimi xidmət edəcəklərinə görə qürur və şərəf hissi keçirdiklərini bildiriblər.

Sonda xatirə fotoşəkli çəkdirilib.

22