"General əsgərlə eyni səngərdə birlikdə döyüşdü" - Tovuz döyüşlərinin 4-cü ili

 13:30 12.07.2024     887

"Azərbaycan ordusunun qətiyyətli qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 4 il ötür. Bu döyüşlər bir daha Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, ordumuzun rəşadətini, şəhadəti şərəf sayan xalqımızın vəhdətini göstərdi. Vətən müharibəsindəki qələbəmizə aparan yol, yəni 44 günlük müharibədə əldə olunmuş qələbəyə, eyni zamanda lokal antiterror əməliyyatları keçirilən vaxt Azərbaycanın suverenliyinin bərpasına aparan təməl yol məhz Tovuz döyüşlərindən başladı. Allah şəhidlərimizə rəhmət eləsin!".

Bu sözləri millət vəkili Arzu Nağıyev Redaktor.az-a Tovuz döyüşlərindən bəhs edərkən dedi.

"Tovuz döyüşləri iyulun 12-dən 17-dək davam etdi və heç bir ərazi itkisi olmadan Azərbaycan ordusu qələbə çaldı. Bu döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi qulluqçusu şəhid oldu və biz bir daha gördük ki, eyni səngərdə generalla əsgər əlində silah döyüşdü. Ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə general mayor Polad İsmayıl oğlu Həşimov, eyni zamanda polkovnik İlqar Mirzəyev "Azərbaycan Milli Qəhrəmanı" fəxri adına layiq görüldü".

Millət vəkili xatırlatdı ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Qaraqaya deyilən istiqamətdə törətdikləri təxribat idi:

"Bura çox strateji əhəmiyyət kəsb edən bir nöqtədir. Həmin məntəqəni ələ keçirməklə, ermənilər demək olar ki, Tovuz rayonu və kənar rayonlardakı bütün məntəqələri nəzarətdə saxlamaq üçün böyük üstünlük əldə edəcəkdilər. Bununla yanaşı, ərazidən keçən dəmir yolunu, neft kəmərlərini, həmçinin avtomobil yolunu nəzarətdə saxlamaq istəyirdilər. Bunların hamısının qarşısı qətiyyətlə alındı. Tovuz döyüşlərində heç bir şəxs həmin torpaqlardan çıxmadı. Sərhəd kəndlərindən olan Ağdam, Əlibəyli, Hacıalılı və digər kəndlərdə bir nəfər belə öz evini tərk etmədi. Azərbaycanın bütün nöqtələrindən istər yardım, istər vuruşmaq üçün vətəndaşlarımız bura gəlməyə başladı. Xüsusi xidmət orqanları ilə digər hüquq mühafizə orqanları birlikdə əllərində silahla üzərilərinə düşən peşələrini yüksək səviyyədə həyata keçirdilər. Təbii ki, məhz Tovuz sakinləri də, digər vətəndaşlarımız da qələbə əzmi ilə yaşayırdılar. Əsgərlərimizdən başqa öz evində olan 76 yaşlı Əziz Əzizov şəhid oldu. Bundan başqa, ermənilərin artilleriya və minaatan zərbələri nəticəsində Tovuz rayonunun Ermənistanla sərhəd olan və hətta sərhəddən bir az aralı olan həm Dondar Quşçu kəndində, həm Ağdam və Əlibəyli kəndində mülki obyektlərə, məktəblərə, kənd evlərinə ciddi ziyan dəydi. Məlumdur ki, Cənab Prezidentin müvafiq tapşırığına uyğun olaraq həmin binalar, obyektlər artıq bərpa olunub və sahiblərinə qaytarılıblar".

A.Nağıyev qeyd etdi ki, ermənilər Tovuz döyüşlərinin sınaq olduğunu və bundan sonra onların görəcəyi ağır günlərin qarşıda olduğunu anladılar:

"Həmin döyüşlərdə yüzdən artıq hərbçi itirdilər. Cənab Prezident öz çıxışlarında dəfələrlə demişdi ki, lazım olsaydı, biz sərhədin o biri tərəfini də vurardıq. Sadəcə olaraq onlara sülhün bərqərar olmasını tapşırıq kimi göstərdi. Həm də erməni ordusuna xəbərdarlıq edildi ki, əgər növbəti bir təxribat olsa, bunun qarşısı ən yüksək səviyyədə alınacaq. Əsas məsələ odur ki, iyul döyüşlərindən təxminən iki ay keçdikdən sonra birmənalı şəkildə Azərbaycan ordusu cavab həmləsi ilə 44 günlük müharibədə erməniləri diz üstə çökdürdü. Onların orduları haqqındakı miflər darmadağın oldu və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, Xankəndidə antiterror əməliyyatlarından sonra bayrağımız ucaldı. Biz bir daha dünyaya göstərdik ki, vuruşduğumuz kimi, dinc-quruculuq işlərini də həyata keçirə bilirik. 1988-ci ildən bəri Tovuzun 69 km, Gədəbəyin 120 km, digər rayonlarla həmsərhəd olan ərazilərdə artıq quruculuq işləri var, sərhədlər bərpa olunur. Düşünürəm ki, Ermənistanın kapitulyasiya aktına imza atmasının təməlində vaxtilə çox peşəkarlıqla Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun və digər hüquq mühafizə orqanlarının həyata keçirdiyi Tovuz döyüşləri durur".

Sevinc İBRAHİMZADƏ