Hərbçi olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ! - Qəbul imtahanı bu tarixdə OLACAQ

 11:59 17.07.2024     899

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək.

Redaktor.az DİM-dən bildirilib ki, hərbi liseylərə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

İmtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır.İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. 

Abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əslini;

"İmtahana buraxılış vərəqəsi"ni.

Qeyd: Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.