"Ermənistan Azərbaycana müharibə elan edərsə, məğlub olacaq" - Polkovnikdən AÇIQLAMA

 11:46 26.07.2024     601

"Ermənistan Azərbaycana müharibə elan edərsə, məğlub olan tərəf özü olacaq".

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov dedi. Onun sözlərinə görə, Ermənistanın məqsədi Azərbaycana revanşist hisslərlə yanaşmaqdır.

"Ermənistanı müharibəyə təhrik edən qüvvələr, ölkələr var. Bunlara Hindistan, İran, Yunanıstan, Rusiya, Fransa və Amerikanı göstərmək olar. Adıçəkilən ölkələr Ermənistanı silahlandırır. Ancaq bunu təkzib edir, "müdafiə" xarakterli silahların olduğunu deyir. Amma biz görürük ki, alınan silahlar yüngül lehimli deyil, əksinə, ağır artilleriya qüvvələridir".

Polkovnik bildirdi ki, erməni mənbələrin yaydığı təxribat xarakterli dezinformasiyalar gərginliyi artırmaq üçündür. 

"Ermənistan hələ Azərbaycanın Qazaxın yaşayış məntəqələrini, Naxçıvanın Kərki kəndini hələ də qaytarmayıb. Onlar sülh müqaviləsinin imzalanmasını geri plana çəkmək istəyirlər. Erməni mənbələrin yaydığı dezinformasiyalar təxribat xarakterlidir. İnsanlar buna inanmasın".

Hərbi ekspert onu da qeyd etdi ki, Azərbaycan COP29-a qədər hər hansı bir müharibə və yaxud da ki, toqquşmaq arzusunda deyil.

"Lakin qarşı tərəf hərəkət edəcəksə, Azərbaycan bunu heç vaxt cavabsız buraxmayacaq", - deyə Üzeyir Cəfərov bildirdi.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib. Həmçinin erməni mətbuatında Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasından sonra Kirantsda Azərbaycan və Ermənistan sərhədçiləri arasında iki insidentin yaşandığı barədə xəbər yayılıb.

Türkan İSGƏNDƏRLİ