Ermənistan son təxribatlara görə cəzalandırıla bilər - AÇIQLAMA

 17:48 29.07.2024     1670

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusuna qarşı təxribatlar törətməkdə davam edir. Son günlər sərhəd rayonlarımızda ordumuzun bölmələri üzərində Ermənistana aid qurğuların açıq-aşkar kəşfiyyat uçuşları aparması onun bu cəsarətinin hardan gəldiyini düşündürür.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev Ermənistanın atdığı addımların arxasında başqa qüvvələrin olduğunu dedi:

"Ermənistan Baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan Prezidenti ilə görüşdən imtina etməsi birmənalı şəkildə ABŞ və Fransanın təzyiqi ilə baş tutmuşdu. Bu imtinadan sonra erməni ordusu intensiv şəkildə atəşkəsi pozmağa başladı. Ardınca isə həm Tovuz, həm də Laçın istiqamətində Azərbaycan ordusunun yerləşdiyi ərazilərin kəşfiyyatını, hava kəşfiyyatını aparmaqla təxribatlara yol verdi. ABŞ və Avropa təşkilatları Ermənistanı hərbi, siyasi və maliyyə cəhətdən dəstəkləyirlər. Təbii ki, bununla da Azərbaycanla münasibət daha da pisləşir".

Ədalət Verdiyev təxribatların sülh prosesinə ciddi təsir edəcəyini də vurğuladı.

"Təxribatlar və Ermənistan hərbi siyasi rəhbərliyinin məlum davranışları ümumilikdə sülh müqaviləsinin imzalanmasını mümkünsüz edir. Çünki Ermənistan tərəfi ATƏT in Minsk qrupundan imtina etmək, konstitusiyada dəyişikliklər məsələsini həll etmək, işğal altında qalan Azərbaycan eksklav kəndlərinin qaytarılması məsələsini həll etmək və Naxçıvana Azərbaycanın maneəsiz dəhlizinin açılmasına aydınlıq gətirmək əvəzinə Azərbaycana qarşı kifayət qədər çoxsaylı təxribatlara yol verir ki, bu da gec-tez Azərbaycan tərəfinin səbrini daşırmağa və daha təsirli adekvat tədbirlərə məcbur edir. Ermənistanı cəzalandırmaq üçün əlimizdə kifayət qədər geniş imkanlar və mexanizmlər mövcuddur".

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan və onun havadarlarını Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməli olduqları ilə bağlı xəbərdarlıq edib.

Türkan İSGƏNDƏRLİ