“Dünyamızdakı mövcud gərginlik vətənpərvərlik tərbiyəsinin önəmini artırmaqdadır”

 13:48 07.08.2024     612

“Bu gün vətənpərvərlik tərbiyəsi, gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı milli maraqlarımız baxımından ikiqat əhəmiyyət kəsb edir”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dünyamızdakı artan təhdid və təhlükələr vətənpərvər gəncliyə malik olmağın əhəmiyyətini əvvəlki dönəmlərlə müqayisədə qat-qat artırmaqdadır:

“Bu gün regionda və dünyada baş verən proseslər hər kəsə məlumdur. Davam edən Rusiya-Ukrayna müharibə, İran-isral gərginliyi, Yaxın Şərqdə baş verən silahlı qarşıdurmalar, Ermənistanın silahlandırılması və s. kimi amillər bizi diqqətli olmağa, öz ayıq-sayıqlığımızı qorumağa vadar edir. Baş verən məlum proseslər göstərir ki, Azərbaycan öz hərbi gücü ilə yanaşı, həm də mənəvi gücünü, mənəvi həmrəyliyini qorumalı, gənclərimiz vətənpərvərlik ruhunu hifz etməlidir. Bu məsələdə QHT-lərin, xüsusilə də hərbi yönümlü vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük vəzifələr düşür.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də bu istiqamətdə ardıcıl fəaliyyət ortaya qoymaqda, orta və ali təhsil müəssisələrində gənclərimizlə mütəmadi  görüşlər keçirməkdəyik. Təşkilatımızda təşkil edilən tədbirlərdə gənclər də iştirak edir ki, bu da onlara veteranlarla daim ünsiyyət saxlamağa, yaxın tarixi keçmişimizdə yaşanan olaylar, qəhrəmanlıq nümunələri haqqında ətraflı məlumat almağa imkan verir. Biz tez-tez müharibə qəhrəmanları, veteranlarla gənclərin görüşlərini təşkil edir, nəsillər arasında mənəvi bağlılığın qorunub saxlanılmasına çalışırıq. Çalışırıq ki, gənclər Birinci Qarabağ müharibə və 44 günlük Vətən müharibəsi ilə bağlı həqiqətləri bu müharibələrin iştirakçılarının dilindən eşitsin, onlarla canlı təmasda olsun.  

Bu gün bəzi iri güclər öz maraqları naminə Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə, müxtəlif qarşıdurmalar yaratmağa çalışırlar. Belə bir vəziyyətdə bizim xalq olaraq həmrəy olmağımız, Ordumuzun, Müzəffər Ali Baş Komandanımızın yanında yer almağımız son dərəcə vacibdir. Biz öz həmrəyliyimiz, sayıqlığımız, dövlətimizə, Prezidentimizə, Ordumuza verdiyimiz dəstəklə bütün dünyaya göstərməliyik ki, Azərbaycan milli maraqlarını, müstəqilliyini və təhlükəsizliyini təmin etmyə qadirdir və bu məsələdə kimsəyə güzəştə getməyəcək”.

Türkan İSGƏNDƏRLİ