"Ermənistan müharibə hazırlığındadır" - Hərbi ekspert

 16:47 16.08.2024     1082

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu  istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bəs sülh danışıqları ərəfəsində Ermənistan ordusunun belə bir təxribata əl atmasında məqsəd nədir?

Bu barədə hərbi ekspert Ədalət Verdiyev öz fikirlərini Redaktor.az-la bölüşdü:

"Ermənistan ABŞ və Avropa İttifaqı ilə 5 aprel tarixində hərbi paktı imzaladıqdan sonra Azərbaycana qarşı daha aqressiv davranış göstərib. Son ay ərzində təxribatların sayı və miqyası kifayət qədər artıb. Buna səbəb, təbii ki, ABŞ kontengentinin Zəngəzurda yerləşməsi, ABŞ-nin Ermənistana verdiyi hərbi dəstək və hətta ABŞ tərəfindən Ermənistan Müdafiə Nazirliyinə hərbi qulluqçuların müşavir kimi təyin olunmasını göstərə bilərik". 

Hərbi ekspert qeyd etdi ki, Ermənistan müharibə hazırlığındadır, kifayət qədər ciddi sayda hücum silahları əldə edib:

"Azərbaycana qarşı həm atəşkəsi pozur, həm ərazilərimizə kvadrakopterlər göndərir. Bütün bunlar isə Ermənistanın artıq eskalasiya yaratmaq üçün əlindən gələni etdiyini göstərir. Bu fəaliyyətlərin qarşısını almaq üçün biz çox dərindən düşünməməliyik. Atəş açılan əraziləri darmadağın etməliyik, həmin ərazilər bizim üçün strateji və ya operativ əhəmiyyət daşıyırsa, Azərbaycan əsgərini və bayrağını həmin ərazilərdə yerləşdirməliyik. Delimitasiya və demarkasiya proseslərində həmin ərazilərin Azərbaycanın tarixi torpağı olmasını, yoxsa Ermənistana aid olduğunu dəqiqləşdirərik. Ermənistan tərəfi ilə onların anladığı dildə - güc dili ilə danışmalıyıq. Atəş açan anda elə bir cavab zərbəsi olmalıdır ki, qarşı tərəfdə tozdan başqa heç nə qalmasın".

Sevinc İBRAHİMZADƏ