Keçmiş komandanla xidmət rəisinin münasibətləri niyə pis olub?

 17:02 26.08.2024     667

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Redaktor.az xəbər verir ki, bir neçə icraata ayrılan cinayət işlərindən birində general-mayor Nizami Məmmədov və qoşunların sabiq maliyyə-xidmət rəisləri mühakimə edilir.

Bakı Hərbi Məhkəməsində artıq 1 ildir məhkəmə istintaqı gedir. Prosesə sədrlik edən hakim Fikrət Əliyev budəfəki iclasda 128 cildlik iş materiallarının elanını başa çatdırıb. Bütün sənədlər tədqiq edilib. 

Sonuncu cildlərdə bir sıra məqam xüsusi diqqət çəkir. Məsələn, sübutların qiymətləndirilməsi ilə bağlı qərardan görünür ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi polkovnik Rafail Xələfov (barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib-red) və qeyriləri ilə bağlı istintaq davam edir. Hakim bəyan edib ki, Xələfov və digərləri barəsində icraat ayrılıb. Lakin hələ ki, əməllərinə hüquqi qiymət verilməsi mümkün olmayıb. Hazırda istintaq orqanında araşdırma gedir.

Başqa bir epizod isə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlaklarla bağlıdır.
 
Dövlətə dəymiş ziyana görə müttəhimlərin hər birinin özlərinin və yaxın qohumlarının adlarına rəsmiləşdirilmiş əmlaklar üzərinə həbs qoyulub. Buraya paytaxtda və rayonlarda yerləşən evlər və torpaq sahələri daxildir. 

Təqsirləndirilən Cəlal Kazımov və vəkilinin əmlaklarla bağlı açıqlamalarından belə çıxıb ki, həmin əmlakların əksəriyyəti həbsə alınmazdan əvvəl başqa-başqa adamlara satılıb. 

Bu məsələnin tam aydın olması üçün məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Resysteri Xidmətinə sorğu verilməsi təklif edilib. Məhkəmə hələ ki, bu məsələyə münasibət bildirməyib. 

Prosesin davamında Cəlal Kazımova xidmət etdiyi Hərbi Hava Qüvvələrindən verilən mənfi xasiyyətnamə məsələsinə qayıdılıb. Həmin xasiyyətnamə HHQ-nin sabiq komandanı, general-leytenant Ramiz Tahirov tərəfindən verilib. 

Kazımovun vəkili vəsatət qaldıraraq həmin xasiyyətnamənin əsassız və qanunsuz olduğunu bildirib. Vəkilin dediyinə görə, müvəkkili ilə Ramiz Tahirovun münasibəti yaxşı olmayıb. Hətta sözlü mübahisə ediblər. Bu səbəbdən də komandan Cəlal Kazımovun qüsurlu xidmət etdiyini yazıb. 

Müdafiə tərəfi bu məsələni aydınlaşdırmaq üçün general Tahirov komandan vəzifəsindən azad edildikdən sonra yeni komandan vəzifəsini icra edən general-leytenant Namiq İslamzadəyə müraciət edib. Yeni komandan isə sələfindən fərqli olaraq C.Kazımovun xidmətini müsbət qiymətləndirib. 

Fotoda Namiq İslamzadə

Dövlət ittihamçısı bir-birinə zidd olan xasiyyətnamələrlə bağlı məhkəmə tərəfindən Hərbi Hava Qüvvələrinə sorğu verilməsini istəyib. Vəsatət hələ ki, təmin edilməyib. 

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə isə hazırlıq iclasından bəri qaldırdığı vəsatəti yenidən gündəmə gətirib. Vəkil müvəkkilindən əvvəlki idarə rəisi Namiq Poladovun məhkəmədə dindirilməsinin zəruri olduğunu deyib: “Nizami Məmmədova aid edilən mənimsəmə ittihamının 4 milyonluq hissəsi Namiq Poladovun dövrünə aiddir. Amma bu gün o, kənarda qalıb. Mən onun hakim qarşısında dindirilməsi üçün yenidən vəsatət qaldıracağam, o, məhkəməyə gətirilməlidir”, - vəkil əlavə edib. 

Vəkil Mirmehdizadə daha sonra Nizami Məmmədovun dövlət təltifləri məsələsinə toxunub. Qeyd edib ki, N.Məmmədov xidmətinə görə ümumilikdə12 medalla təltif edilib. Amma həmin təltiflər haqda istintaq materiallarında heç bir sənəd yoxdur. Müdafiəçi təltiflərlə bağlı sənədləri məhkəməyə təqdim edib.  

Fotoda Nizami Məmmədov

Proses gələn həftə digər vəsatətlərin müzakirəsi ilə davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyindəki qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. 

Əməliyyatla nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi işləmiş Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb (Qafqazinfo).