"Türk dövlətlərin ordularının birgə təlimləri intensiv xarakter alacaq" - AÇIQLAMA

 16:36 27.08.2024     564

"Azərbaycan və Qazaxıstan arasındakı hərbi əməkdaşlığın artan dinamika ilə inkişafını müşahidə edirik. İki ölkənin bir çox sahədə olduğu kimi, hərbi sahədə də əməkdaşlığı məhz gələcəkdə regionun özünün təhlükəsizliyi üçün böyük töhfə verir".

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov Azərbaycan-Qazaxıstan hərbi əlaqələrini şərh edərkən dedi. Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasındakı həyata keçirilən hərbi təlimlər hər iki tərəfin təcrübə mübadiləsində mühüm rol oynayır:

"Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin də sonuncu "Qızıl Qartal - 2024" təlimlərində iştirakı məhz həmin bu təlimlərə, eyni zamanda Qazaxıstanla hərbi əməkdaşlığa ciddi önəm verildiyinin göstəricisidir. Artıq Azərbaycan və Qazaxıstan arasında gələcəkdə hərbi, hərbi texniki, hərbi təhsil sahəsində birgə fəaliyyətin mövcudluğu barədə planların olduğu bildirilir. Əlbəttə ki, bu da gələcəkdə məhz iki ölkə arasındakı hərbi əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq. Bununla yanaşı, məhz sonuncu həyata keçirilən tədbirdə quru qoşunlarının, əsasən də kəşfiyyat bölmələrinin birlikdə fəaliyyəti, birgə qərar qəbul edilməsi, koordinasiyanın təşkili və tapşırıqların icrası kimi bir çox elementləri izlədik. Bu da ondan xəbər verir ki,  yarana biləcək hər hansı bir təhlükə də, məhz bu təlimlərin konkret olaraq qarşıya qoyulmuş tapşırıqların icrasında mühüm rolu olacaq".

Azər Bayramov bildirdi ki, perspektivdə türkdilli dövlətlərin ordularının birgə təlimləri intensiv xarakter alacaq.

"Biz artıq son dövrlərdə türkdilli dövlətlərin ordularının birgə təlimlərini müşahidə edirik və gələcəkdə elə hesab edirəm ki, bu təlimlər daha intensiv xarakter alacaq. Bundan öncəki bir çox türkdilli dövlətlərin ordusunun, hərbçilərinin qatıldığı təlimlər var idi ki, biz orada da məhz Qazaxıstan hərbçilərinin də iştirakını müşahidə etmişdik. Bundan sonrakı dönəmdə elə hesab edirəm, digər dost ölkələrin hərbçiləri ilə də belə təlimlər həyata keçiriləcək. Ümumilikdə götürdüyümüz zaman məhz türkdilli dövlətlərin hərbçilərinin birgə təlimləri gələcəkdə hər hansısa bir təhdid və təhlükə vəziyyətində koordinasiyalı şəkildə birlikdə hərəkət etməyi və qarşıya qoyulmuş tapşırıqları uğurla icra etməsi üçün zəmin yaradacaqdır. Hər təlimdə olduğu kimi, həyata keçirilən təlimlər hərbi qulluqçuların özünün peşəkarlığının artırılması, eyni zamanda bölmələrin döyüş hazırlığının yüksəldilməsinə xidmət edir". 

Xatırladaq ki, Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlimi avqustun 24-də baş tutub.

Türkan İSGƏNDƏRLİ