"Ermənistan Naxçıvanı atəşə tutmaqla Azərbaycanı Qərblə üz-üzə qoymaq istəyir"

 17:37 28.08.2024     710

Ermənistan yenə də Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqelərini atəşə tutub. Dildə sülh istəyib əməldə göstərməyən bu dövlətin Naxçıvanı atəşə tutmasında məqsəd nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Ermənistanı cəsarətləndirən Qərbdir.

"Hazırda Ermənistan ABŞ ilə kifayət qədər geniş bir miqyaslı hərbi və hərbi texniki sahədə əməkdaşlıq proqramına malikdir və bu proqramın bir hissəsi olaraq ABŞ tərəfindən Ermənistanın silahlandırılması davam edir. Paralel olaraq ABŞ-nin hərbi bazasının Qərbi Zəngəzur ərazisində yerləşdirilməsi də Ermənistan tərəfini bir qədər cəsarətləndirib. Bununla yanaşı Azərbaycan tərəfinin proseslərə bir qədər təmkinli yanaşması Ermənistanı daha da cəsarətləndirir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu təxribatların qarşısını alınması üçün mütləq təsirli addımlar atmalıdır".

Ekspert bildirdi ki, Ermənistanın Naxçıvanı atəşə tutmasında məqsəd Azərbaycanı Qərblə üz-üzə qoymaqdır:

"Daha əvvəllər Rusiya ilə əməkdaşlıq edən Ermənistan davamlı olaraq Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirməyə çalışırdı. İndi isə Zəngəzurda yerləşən ABŞ bazasının mövcudluğundan cəsarətlənən Ermənistan məhz Naxçıvanı həmin ərazi yaxınlığında mövcud olan ABŞ bazası istiqamətində atəşə tutur. Bununla da Ermənistan Azərbaycanı Qərblə qarşı-qarşıya gətirməyə çalışır və bununla da intensiv bir şəkildə həm Naxçıvan, həm də Laçın istiqamətində təxribatlara və atəş pozuntularına yol verir. Bütün bunlar Azərbaycanın səbrini daşırmağa və Ermənistana qarşı Azərbaycanın sərt addımlar atmasına hesablanıb".

Xatırladaq ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Türkan İSGƏNDƏRLİ