"İran Amerikanın göstərişi ilə Ermənistanı silahlandırır" - Deputatdan İLGİNC AÇIQLAMA

 15:54 30.08.2024     1860

"İranın Ermənistan silahlandırması birbaşa Amerikanın göstərişi ilə həyata keçirilir. Çünki İran qapalı şəkildə Amerikadan idarə olunur və orada olan müəyyən siyasət də ABŞ tərəfindən istiqamətləndirilir".

Bu sözləri Redaktor.az-a millət vəkili Fazil Mustafa İranın Ermənistanı silahlandırması məsələsini şərh edərkən dedi. Onun sözlərinə görə, İran və ABŞ arasında Ermənistanla bağlı gizli anlaşma var.

"Zəngəzur dəhlizi və başqa məsələlərdə də İran ritorikası ABŞ-nin təlimatlarından kənara çıxan ritorika deyil. Məsələn, Amerikanın əli ilə yəhudilər və İsrail lobbisi İranın Ermənistana dəstək verməməsi üçün çəkindirə bilərlər. Amma təsəvvür edin ki, bu ABŞ ilə İran arasında olan gizli anlaşmanın kursudur ki, buna heç kim mane olmur və hamı buna adi bir məsələ kimi baxır. Ona görə də bu cür dəstəkləmə uzun illər elə 30 il işğal dövründə də davam edib.  Amma nəticə ortadadır. Azərbaycan torpaqlarını işğaldan azad edə bilib, hər hansı bir bu cür Ermənistana dəstək verən qüvvələr də pərişan edib, edəcəkdir".

Fazil Mustafa bildirdi ki, İran Ermənistana hərbi yardımı "Merac" şirkəti vasitəsilə çatdırır.

"Ən maraqlı odur ki, İran həm də Fransadan, Amerikadan gələn hərbi yardımı "Merac" şirkəti vasitəsilə Ermənistana çatdırır. Bunlar Peyğəmbərə də münasibətdə nə qədər həqarətli davrandıqlarının fərqində deyillər. Peyğəmbərin müqəddəs "merac" anlayışını bu qədər mizaha çevirən bir zehniyyətə sahib saxta müsəlman obrazlarıdır. Hər halda bunu müəyyən dərəcədə ciddi təhlilinə ehtiyac var. Yəni İranda doğrudanmı insanlar hələ də ən azı bir müsəlman təəssüfkeşliyi ilə məsələyə baxmağa hazır deyillər? Yəni cəmiyyət içində, ola bilsin, buna müəyyən dərəcədə belə baxıla bilər. Amma İran elitası tərəfindən buna bir həqarət kimi baxılmalıdır. Peyğəmbərin simvolikasını təşkil edən "merac" adını düşmənə, xristiana, həm də aqressiv, işğalçı xristian dövlətinə dəstək vermək üçün bir vasitəyə çevirəsən. Bundan böyük İslam adına biabırçılıq ola bilməz. Azərbaycanın xoş niyyətini doğru anlamayanlar öz məqsədlərinə də nail ola bilməyəcək. Amma Azərbaycan bu cür davranışların cavabını sahədə verməyə hazırdır", - deyə millət vəkili vurğuladı.

Türkan İSGƏNDƏRLİ