Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edildi - YENİLƏNİB

 16:25 30.08.2024     1915

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədli Rüstəm Ağali oğlu həbs edilib.

Bunu Redaktor.az-a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Məmmədli Rüstəmə Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib:

"Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - deyə o qeyd edib.

***

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edilib.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, "Bakı Korpusu"nun yanacaq xidmətinin rəisi, polkovnik Rüstəm Məmmədli Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilib.

O mənimsəmədə və rüşvətalma da təqsirləndirilib. Belə ki, onun korpusun texnikaları üçün nəzərdə tutulan yanacağı sataraq gəlir əldə edərək məniməsəməkdə ittiham olunur. İş üzrə zərərin 100 min manatdan çox olduğu qeyd edilir.

Polkovnik barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.