Hansı hərbçilər ipoteka güzəştlərindən yararlana bilər? - AÇIQLAMA

 13:13 12.09.2024     1199

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nı təsdiq edib.  Bu fərmanın hansı üstünlükləri var və kimlər faydalana bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Azər Bayramov bildirdi ki, hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi qaydalarına edilən dəyişikliklər ilk növbədə hərbçilərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması yönündə atılmış mühüm addımdır:

"Belə ki, sözügedən dəyişikliklərdən Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin xüsusi təhsil müəssisələrində bakalavr səviyyəsində təhsil almış hərbi qulluqçular, eyni zamanda hərbi kollec məzunları və bununla da paralel olaraq məhz Müdafiə Nazirliyinin xətti ilə xaricdə xüsusi təyinatlı təhsil müəssisələrinə təhsil almaq üçün göndərilən hərbi qulluqçular məzun olduqdan sonra beş il Azərbaycan ordusuna hərbi həqiqi xidmət keçdikdən sonra sözügedən dəyişikliklərdən yararlana bilərlər".

Ekspertin sözlərinə görə, ipotekanın 50 faizi dövlət tərəfindən ödəniləcək:

"Nəzərdə tutulmuş qanuna əsasən məhz hərbi qulluqçu götürdüyü ipotekanın və ümumi məbləğin 15 faizinin dövlət tərəfindən ödənilməsi ilə məhz mənzil əldə edə bilər. İkinci edilmiş dəyişiklik burada nəzərdə tutulmuş aylıq ödənişin 50 faizi hərbi qulluqçu, 50 faizi isə dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Belə ki, misal olaraq, əgər evin 100 000 manat dəyərində qiyməti varsa, məhz onun 15 faizini, yəni 15 000 manatı dövlət tərəfindən ödənilir. Eynilə də aylıq ödənişi, misal üçün, 600 manat olan evin 300 manatını hərbi qulluqçu, 300 manatı isə məhz dövlət tərəfindən İpoteka Fonduna ödəniləcək. Əlbəttə, sözügedən istiqamətdə belə addımların atılması, xüsusilə də gənc hərbi qulluqçuların, mənzil məişət şəraitinin yaxşılaşdırılması yönündə atılmış ciddi addımdır və belə hesab edirəm ki, ümumilikdə hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi gələcəkdə bu istiqamətdə məhz hərbi təhsil müəssisələrini, eyni zamanda hərbi xidməti daha cəlbedici edəcək. Bu da özü-özlüyündə kəmiyyətdən keyfiyyətə doğru atılmış çox ciddi bir addım olacaq".

Türkan İSGƏNDƏRLİ