"Ermənistanın atəş açdığı mövqe dərhal darmadağın edilməlidir" - Hərbi ekspert

 14:45 12.09.2024     492

Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Göründüyü kimi, Paşinyanın "sülh" istiqamətli çıxışından sonra Ermənistan təxribatlarına hələ də davam edir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Ermənistanın beynəlxalq tədbir ərəfəsində təxribatlar törətməyi təsadüfi deyil.

"Ermənistan tərəfi Azərbaycanda keçirilən beynəlxalq tədbirlər fonunda maraqlara uyğun olmayan addımlar atır. Bilirlər ki, Formula-1 ərəfəsidir, dünyanın hər yerindən ölkəmizə insanlar gəlib, baş qarışıqlıqdır. Ancaq Ermənistan tərəfi unutmasın ki, bizim səbrimiz sonsuz deyil və gözlənilən Formula 1 yarışları da çox qısa müddətdə başa çatacaq".

Hərbi ekspertin sözlərinə görə, Ermənistanın təxribatlarına cavab sərt olmalıdır.

"Şəxsi fikrimə gəldikdə isə, mən daim hesab etmişəm ki, Ermənistanın atəş açdığı mövqe dərhal darmadağın edilsin və düşmən atəş açmağın nə qədər təhlükəli ənənə olduğunu anlasın. Amma bu barədə qərarı verən qurumlar yəqin ki, daha doğrusunu edəcəklər. Artıq Ermənistan təmkin və səbrimizi zorlamaqda davam edir. Buna görə də Ermənistana kifayət qədər ağrılı və ardıcıl cavabı ən qısa müddətdə verməliyik".

Türkan İSGƏNDƏRLİ