"Pinaka" Ermənistan ordusuna əlavə üstünlük qazandırmayacaq - AÇIQLAMA

 16:02 13.09.2024     572

Xəbər verdiyimiz kimi, Ermənistan Hindistandan 250 milyon dollarlıq "Pinaka" raket qurğuları alır. Son vaxtlar bu ölkənin Qərbdən, İran və Hindistandan xeyli silah-sursat alması, müəyyən suallara səbəb olur.

Ermənistan nə üçün silahlanır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Kazım Kazımov hesab edir ki, Ermənistan Azərbaycana təhlükə törədə bilər:

"Ermənistan ordusu 1990-cı illərin əvvəllərindən fərqli şəkildə silahlanmağa başlamışdı. Lakin həm 2020-ci ildəki müharibə, həm də antiterror tədbirləri göstərdi ki, həm separatçı qüvvələr, həm də Ermənistan ordusunun Azərbaycan qarşısında heç bir şansı yoxdur və bu gün 30 illik silahlanmadan sonra Ermənistanın yenidən silahlanmağa cəhd etməsi əslində Ermənistanın hələ də bizə təhlükə törədə biləcəyini göstərir. Bu silahlanma hələ də ermənilərin Cənubi Qafqazda sülhü arzulamadığını bir daha göstərir. Çünki Ermənistan hökuməti çox yaxşı bilir ki, o, Azərbaycanla sülh müqaviləsi imzalayarsa, artıq Cənubi Qafqazda sülh olacaq. Lakin onlar həm sülh prosesini uzadırlar, həm də bir tərəfdən silahlanırlar".

Lobbi fəaliyyəti ilə məşğul olacaq şəxsləri necə seçək?  - Politoloq

Politoloqun sözlərinə görə, Ermənistanın aldığı silahlar onun hərbi sahədə vəziyyətini dəyişməyəcək:

"Bu silahlanma Ermənistan ordusunda və yaxud regionda hər hansı bir vəziyyəti dəyişə bilməz. Çünki "Pinaka" sistemləri 40-75 km radiusunda effektiv atəş aça bilən və açıq danışmaq lazımdırsa, əslində Hindistan özünün də ixtirası olmayan, Sovet İttifaqının qrad qurğularının əsasında hazırlanmış, yəni XX əsrə aid əslində bir döyüş qabiliyyətinə malik olan bir sistemdir. Bunun üçün də  "Pinaka"nın alınması Ermənistan ordusuna hər hansı bir əlavə üstünlük qazandırmayacaqdır".

Qeyd edək ki, Ermənistan Hindistandan təxminən 250 milyon dollar dəyərində "Pinaka" raket buraxılış qurğuları, 55 mm kalibrli ATAGS silah dayaqları almaq istəyir.

Türkan İSGƏNDƏRLİ