"Onlar Vətən müharibəsi zamanı ermənilərin tərəfini saxlayanlar idi" - Şəhid qardaşı

 10:17 16.09.2024     350

“Şəhidlər haqqında yazılan məqalələrin “Vikipedia”dan azərbaycanlı vikipediyaçılar tərəfindən silinməsi xəbərini eşidəndən sonra çox təəccübləndim və həm də qəzəbləndim. Dərhal şəhid qardaşımın səhifəsini və eləcə də digər şəhidlərimizin adlarını “Vikipedia”da axtarmağa başladım. Amma gördüm ki, “Vikipedia”da demək olar ki, bütün şəhidlərin məlumatları silinib və yalnız bir neçə şəhidin məlumatı saxlanılıb”

Bunu Redaktor.az-a açıqlamasında AMEA-nın Folklor İnstitunun aparıcı elmi işçisi, Vətən müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.

O, həmin vikipediyaçılar tərəfindən 10-15 il bundan əvvəl “Vikipedia”da səhifəsi olan şəhid məlumatlarının da silindiyini bildirib:

“Bunlar bir qrup azərbaycanlı vikipediyaçılardır. Hansı ki, bu şəxslər Vətən müharibəsi zamanı azərbaycanlıları qınayanlar, ermənilərin tərəfini saxlayan şəxslər idi. Mən onların bir neçəsinin yazdığı statusları bu gün də xatırlayıram. Həmin şəxslər öz torpaqlarını uzun illər sülh yolu ilə almağa çalışan, amma düşmənin sülhə gəlmədiyi üçün torpaqlarını işğaldan azad etməyə başlayan Azərbaycanı qınayırdılar. Halbuki bu şəxslər torpaqlarımızı işğal edən erməniləri qınamalı idilər. Onlar dövlətə qarşı da öz içlərində nifrət bəsləyən şəxslərdir. Eləcə də “Vikipedia”da həmin məlumatların silinməsini dəstəkləyən şəxslərin də sosial şəbəkə hesablarına baxdım. Bu şəxslər də Azərbaycanın əleyhinə məlumat paylaşırlar. Bu hadisədən sonra çox narahatam, bütün şəhid ailələri bundan məlumatlıdır. “Vikipedia” səhifəsində şəhidlərin hər biri haqda dolğun məlumat var idi. Təəssüf edirəm ki, ölkəmizdə belə gənclər böyüyür. Əgər onların bu addımın qarşısı alınmasa, gələcəkdə dövlət üçün daha əhəmiyyətli olan məlumatları da siləcəklər. Şəhid ailələri də həmin şəxslərin cəzalandırılmasını tələb edir”.

Vasif ƏLİHÜSEYN