"Rusiyanın Ermənistana verəcək silahı yoxdur, çünki özü silah dilənir" - AÇIQLAMA

 17:40 16.09.2024     396

Son günlər Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı məlumatlar yayılıb. Öz bəyanatlarında Azərbaycan-Ermənistan arasında sülhü dəstəklədiklərini bəyan edən Rusiya rəhbərliyinin belə addım atması isə onun ikitərəfli oynadığını göstərir.

Rusiyanın İrəvanı silahlandırmaqda məqsədi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Rusiyanın Ermənistana verəcəyi güclü silahı yoxdur.

"2021-ci ildə Rusiyadan silah almaq üçün 400 milyon dollar pul köçürüb və istədiyi silahları hələ də ala bilməyib. Arada tələb edirlər ki, əgər verdiyimiz pul qarşılığında silah verə bilmirsənsə, başqa bir şey ver. Bundan əvvəl 90-cı illərdə Ermənistanın 93 milyon borcu qarşılığında Ermənistanın dörd müəssisəsi Rusiyaya verilib. Bu gün Rusiya iki əlini açaraq dünyanı gəzir və İrandan, Şimali Koreyadan silah dilənir. Bu səbəbdən bu gün Rusiyanın Ermənistana ciddi silah verməsi qeyri-mümkündür, baxmayaraq ki, pul alıb. Güman edirəm ki, indiki şəraitdə Rusiyanın Ermənistana verə biləcəyi silah yoxdur. Hətta verə biləcəyi lazımsız silah olsa da, bunu Ermənistan götürməz. Arada ola bilər ki, mətbuatda müəyyən informasiyalar gedir ki, Rusiya hansısa silahlar verib. Mən bunu ciddi qəbul etmirəm. Rusiyanın Ermənistana onun istədiyi silahları vermək imkanı yoxdur. Digərlərini də Ermənistan istəməz". 

Ukraynadan sonra növbə Ermənistana çatacaq: Sülh İrəvana hava-su kimi  lazımdır

Politoloqun sözlərinə görə, Rusiya silah istehsalında geri düşüb:

"Silah ticarəti dünyada ən çox gəlir gətirən ticarət növlərindən biridir. Əvvəllər dünyada ən çox silah satan ABŞ, ikinci yerdə Rusiya idi. İndi Fransa ikinci yerə keçir və Ermənistana müəyyən silahlar satır. Rusiyanın silah ticarəti xeyli geriyə düşüb və səbəbi də aydındır: Ukraynada gedən müharibə. Ancaq müharibə qurtarandan sonra Rusiya təbii ki, istəyən dövlətlərə, o cümlədən Ermənistanın 400 milyon dollar qarşılığında sifariş etdiyi silahları verəcək. Biz də bəzən Rusiyanın yaxşı silahlarını almaq istəyirik. Rusiyanın elə bir imkan olsa, Ermənistana gələcəkdə yəqin ki, silah satacaq. Ancaq bundan sonra Ermənistanın Rusiyadan ciddi silah alacağını güman etmirəm. Çünki onlar öz ordularını NATO standartlarına uyğun və NATO silahlarından qurmaq istəyirlər. Baxmayaraq ki, Hindistandan alınan silahlar rus silahlarının əsasında hazırlanmış daha çox keyfiyyətsiz silahlardır. Bu silah ticarəti və burada başqa hansısa məqsəd axtarmaq yersizdir".

Türkan İSGƏNDƏRLİ