Hərbi ekspert Rusiyada yaşayan azərbaycanlılara müraciət etdi: DİQQƏTLİ OLUN!

 17:58 18.09.2024     512

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Silahlı Qüvvələrinin sayının ölkəyə təhdidlər və Qərbdəki son dərəcə düşmən vəziyyətə görə artırıldığını bildirib. Bəzi iddialar var ki, Rusiyanın şəxsi heyətə qəbul etdiyi şəxslər bu ölkədə miqrant kimi yaşayanlardır.

Bəs miqrantların orduya çağırılması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Rusiyanın orduya daha çox miqrant və ikili vətəndaşı olan digər xalqların nümayəndələrini çağırması şübhəsizdir:

"Rusiyanın Ukrayna ərazisində apardığı hərbi əməliyyatlar artıq onun öz ərazisinə sıçrayıb və bu da Rusiya tərəfindən şəxsi heyətin artırılması zərurətini ortaya çıxarıb. Daha əvvəldən də Rusiya ön xəttdə istifadə etmək üçün daha çox digər xalqların nümayəndələrindən istifadə etməyə üstünlük verirdi. Biz bunun vizual görüntüləri ilə də şahid olmuşuq. İndi də təbii ki, Rusiya ordusunda şəxsi heyətin sayının artırılmasında daha çox miqrantların və ikili vətəndaşlığı olan digər xalqların nümayəndələrini orduya çağırmağa üstünlük verəcək".

Hərbi ekspert Rusiyada yaşayan soydaşlarımıza müraciət edərək, məcbur şəkildə müharibəyə qoşulmamağa çağırdı.

"Rusiya ərazisində yaşayan vətəndaşlarımız da bu məsələlərdə diqqətli olmalıdırlar. Əgər bu müharibədə iştirak etmək istəməyənlər varsa, o zaman onlar ikili vətəndaşlıq məsələlərində yekun qərar qəbul etməlidirlər. Bu müharibənin yaxın perspektivdə yekunlaşması gözlənilmir. Rusiyanın gələcəkdə daha çox miqrantları və ikili vətəndaşlığı olan şəxsləri Ukrayna cəbhəsinə və yaxud da Kurskda gedən hərbi əməliyyatlara cəlb edəcəyi şübhə doğurmur", - deyə Ədalət Verdiyev bildirdi.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin öz fərmanı ilə Silahlı Qüvvələrin ştat sayını 2 milyon 389 min nəfərə, o cümlədən 1,5 milyon hərbi qulluqçuya çatdırıb.

Türkan İSGƏNDƏRLİ