Azərbaycan ərazisindəki erməni separatizmi məsələsini bağlayıb - Fransa mətbuatı

 12:52 19.09.2024     365

2023-cü ilin sentyabrında Qarabağ regionunda baş verən hadisələr Azərbaycana öz ərazisində erməni separatizmi məsələsini bağlamağa imkan verib.

Redaktor.az xəbər verir ki, bu barədə Fransanın "Global News Network" (GNN) xəbər portalında dərc olunan məqalədə deyilir.

“Ermənistanın təxribatından sonra 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda qüvvələr balansını dəyişdirərək, Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə və 30 ilə yaxındır ki, işğal olunmuş torpaqları geri qaytarmağa imkan verib. Ötən ilin sentyabrında Qarabağda baş verən hadisələr münaqişə tarixində dönüş nöqtəsi olub. Azərbaycan öz ərazisində erməni separatizmi məsələsini bağlayaraq Qarabağ üzərində nəzarəti bərpa etməklə bağlı çoxillik prosesi başa çatdırıb. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində böyük addım atıb və sülh sazişinin imzalanması üçün hər cür səy göstərir”, - məqalədə bildirilib.

Nəşr göstərir ki, Azərbaycan konstitusiya quruluşunu bərpa etmək və öz ərazisində qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətini dayandırmaq üçün 2023-cü il sentyabrın 19-20-də Qarabağda lokal antiterror tədbirləri həyata keçirib: “Bu tədbirlər terror elementlərinin ləğv edilməsinə və beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan ərazi üzərində nəzarətin təmin edilməsinə yönəlib”.

Müəlliflər vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesini müstəqil şəkildə başa vurub.

Eyni zamanda, nəşr qeyd edib ki, 1992-ci ildə Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə yaradılmış ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səyləri heç bir nəticə verməyib.