Peycerə partladıcı belə yerləşdirilib - Polkovnik: "Gələcəkdə istənilən texnoloji qurğuya bomba yerləşdirmək olar"

 16:18 19.09.2024     428

Sentyabrın 17-18-də Livanda rabitə qurğularında - peycerlərdə kütləvi partlayışlar baş verib. Nəticədə ölənlərin sayı 20 nəfərə çatıb.

Qeyd edək ki, peycerin daha əvvəl helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisidə də olduğuna aid görüntülər yayılıb.

Bəs Rəisinin helikopterinin qəzaya düşməsinə səbəb bu qurğu ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Birinci Qarabağ müharibəsinin veteranı, "Azərbaycan bayrağı" ordenli, polkovnik-leytenant Elxan Şıxəliyev bildirdi ki, İran Prezidentinin helikopterinin bu səbəbdən qəza etmə ehtimalı azdır:

"Çünki bu qurğuların proqramlaşdırılması elədir ki, hamısı eyni anda baş verməlidir ki, digərləri bunu aşkar edib, istifadəsini davam etməsin. Bunun üçün həmin qurğuya siqnal gəlir, ondan sonra partlamaq üçün aktivləşdirilir. Burada da alət artıq özünü büruzə verir deyə, bundan istifadə edəcəklərini düşünmürəm".

Hərbi ekspert peycerlərin funksiyaları haqqında danışarkən qeyd etdi ki, bomba qurğunun batareyka hissəsinə quraşdırılıb:

"Bu cihazın əsas xüsusiyyəti mesajlaşmadı. Orada səs dinləmə yoxdu, xüsusi əməliyyatların keçirilməsi üzrə qısa mesajlar yazılır. Həmin vaxt siqnal səsi eşidilir. Bu mesajlar yaxın məsafədən gözə yaxınlaşdıranda oxuna bilir. Hızbullah da bu cihazı gizli xəbərləşmə, rabitə sistemi kimi uzunmüddətli istifadə edirdi. Burada batareykalarının yerinə "plint" adlı 20 qramlıq partlayıcı maddə yerləşdirilir və bir saniyənin içində partlaya bilir. Terroru törədən şəxslər bunu bel kəmərin üzərində saxlayırlar. Buna görə də onlar qarın nahiyəsində zərər görürlər". 

Elxan Şıxəliyevin sözlərinə görə, terroru qurğunu istehsal edən şirkətin etməsi mümkün deyil.

"İndi şübhələr İsrailin kəşfiyyat orqanlarının, xüsusən də Mossadın üzərindədir. Ancaq hələ heç biri boynuna almayıb. Çünki bu onların satılmasına çox ciddi əks effekt verə bilər. Həm də cihazlar daha sonra yenidən modifikasiya olunub. Hətta bu rabitə vasitələri peyklə bağlı geolokasiyaya quraşdırıla bilər ki, hədəfə alınan şəxslərin yerlərinin aşkar edilməsi daha da asanlaşır.  Onların həssaslığı, kibertəhlükəsizlik və dövlətlərin bir nömrəli prioritetinə çevrilə biləcək məsələ olacaq. Yəni telefon rabitə vasitələri istifadə olunursa, qarşı tərəf onun üzərindən təhlükələr yarada bilər. Rabitə vasitələri telefonların üzərinə, ya da indi partlayıcı qurğularla peycerlərə təsadüf elədi. O deməkdir ki, gələcəkdə istənilən texnoloji qurğuda bu kimi halların mümkünlüyü artacaq", - deyən ekspert vurğuladı ki, peycerlər artıq deşifrə olunduğundan, terrorçular başqa üsullara əl atacaqlar.

Türkan İSGƏNDƏRLİ