"Qarabağdakı antiterror əməliyatı dünyada baş verən nadir hərbi hadisədir" - Polkovnik

 16:59 19.09.2024     348

"Keçən il Ermənistan çox böyük zərbə yedi. Bununla da Azərbaycanın suverenliyi bütün ölkədə bərpa edildi".

Bunu Redaktor.az-a açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror əməliyyatının birinci ildönümü münasibətilə danışarkən bildirdi.

O, qeyd etdi ki, sentyabrın 19-da düşmənin strateji atəş nöqtələ­ri, eləcə də hərbi təyinatlı obyektləri və sursatları sıradan çıxarılıb:

"Bildiyiniz kimi, 2023-cü ilin 19 sentyabr tarixlərində erməni separatçı qüvvələri tərəfindən Azərbaycanın altı vətəndaşı həlak oldu. Yenə də sərhəddə böyük problemlər yaşanırdı. Bununla da təbii ki, Azərbaycanın "səbr kasa"sı daşdı. Bu ərazilər böyük quldur yuvasına çevrilmişdi. Azərbaycan Ermənistandan fərqli olaraq, mülki insanları və obyektləri hədəf almadan əks-hücuma keçdi. Ordumuz cəmi bir sutka, həttda daha az müddət ərzində antiterror əməliyyatını həyata keçirməyə başladı və yüksək səviyyədə baş tutdu. Beləliklə bu ərazi quldurlardan, separatçı qüvvələrdən təmizləndi. Bu gün artıq Xankəndi tam azaddır. Azərbaycanın suverenliyi tam yekdilliklə təmin edildi və bu ərazidə hətta prezident və parlament seçkiləri keçirildi. Ölkəmiz uzun müddətdən sonra bütöv oldu, Ermənistan üzərində şanlı qələbə əldə etdik. Buna görə də bu tarix şanlı tarixlərdən biridir. Antiterror əməliyyatı bizim üçün çox əhəmiyyətlidir".

Polkovnikin sözlərinə görə, bu əməliyyat dünyada aparılan ən qısa və uğurlu hərbi döyüşlərdən biridir.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması barədə sərəncam imzalayıb.

Türkan İSGƏNDƏRLİ