"Azərbaycan müdafiə sənayesini sürətli bir şəkildə inkişaf etdirir" - AÇIQLAMA

 18:35 25.09.2024     718

Bakıda ADEX 2024 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbayacan bir çox yerli istehsal olan sursatları nümayiş etdirib. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Azərbaycan müdafiə sənayesini kifayət qədər sürətli bir şəkildə inkişaf etdirir:

"Azərbaycan Vətən müharibəsində əldə etdiyi döyüş təcrübəsindən irəli gələrək bu dəfə ADEX 2024 beynəlxalq müdafiə sərgisində kifayət qədər çox sayda müxtəlif silah və silah sistemlərini ictimaiyyətə təqdim etdi. Bunların arasında zirehli vasitə üzərinə quraşdırılan lazer silahını, snayper tüfənglərini, pulemyotları, suüstü dronları, zirehli personal daşıyıcılarını, zirehli sanitar maşınlarını, yeni pilotsuz vasitələri və bir çox digər avadanlıq və vasitələri nümunə olaraq göstərmək olar. Hazırda silah bazarında mövcud olan qıtlığı aradan qaldırmaq üçün Azərbaycan kifayət qədər sürətli bir şəkildə müdafiə sənayesini inkişaf etdirir. Digər tərəfdən isə Azərbaycan müdafiə sənayesi sahəsində özəl şirkətlərin iştirakı üçün kifayət qədər münbit şərait yaradıb. Təqdim edilən silahların böyük bir hissəsi məhz özəl şirkətlərə aiddir".

Ekspertin sözlərinə görə,  Azərbaycan hazırda Türkiyə ilə birgə istehsal sahəsində kifayət qədər ciddi addımlar atır. O, qeyd etdi ki, sərgi çərçivəsində bir çox xüsusi texnikaların alınması ilə bağlı müqavilələrin imzalanması prosesi mərasimi baş tutub.

"İMPROTEKS şirkətinin minatəmizləmə vasitələrinin ANAMA-ya verilməsinə aid müqavilələr imzalanıb, digər silah sistemləri ilə bağlı onların əldə edilməsi ilə bağlı müqavilələrin imzalanması gözlənilir. Azərbaycan hazırda Türkiyə ilə birgə istehsal sahəsində kifayət qədər ciddi addımlar atır. Dünyanın ilk yüzlüyünə daxil olan silah bazarının nəhəng şirkətləri Azərbaycanla bu sahədə yaxından əməkdaşlıq edirlər. Azərbaycan özəl şirkətlərinin "Leonardo" ilə birgə əməkdaşlığı çərçivəsində yeni və universal bir silah qülləsinə malik zirehli vasitə də ictimaiyyətə təqdim olunub. Sanitar maşını da yerli istehsal olaraq ilk dəfə sərgidə "İmpotek" şirkəti tərəfindən təqdim edildi. DEFTEK şirkətinin kifayət qədər çox sayda pilotsuz uçan aparatları və idarə olunan sursatları da ictimaiyyətə ilk dəfə təqdim olundu. Digər tərəfdən bir çox şirkətlərin modernləşdirdiyi vasitələri də sərginin çöl hissəsində yerləşən ərazidə müşahidə etdim. Ümumilikdə sərgi kifayət qədər silah assortimentinə malik idi və burada ən geniş təmsil olunan is qardaş Türkiyənin şirkətləri idi ki, onların da arasında ASELSAN, ROKETSAN, METEKSAN, HAVELSAN və sair müşahidə olunurdu. Sərgi Azərbaycanın silah ixrac potensialına kifayət qədər müsbət təsir edəcək və digər silah istehsalında maraqlı olan şirkətləri də bu prosesə cəlb olunmasında böyük və mühüm bir əhəmiyyət daşıyır", - deyə Ədalət Verdiyev bildirdi.

Türkan İSGƏNDƏRLİ